Vercel şirkətinin loqotipləri ilk dəfə bu həftəsonu keçiriləcək Böyük Britaniya Qran Prisində Mercedes bolidlərinin üzərində yer alacaq.
Milyonlarla internet saytının əsasını təşkil edən Next.js platformasının yaradıcısı olan Vercel ilə bağlanan müqavilə yalnız sponsorluqla məhdudlaşmır. Razılaşmaya əsasən, 2027-ci ildən etibarən Mercedes komandasının bütün rəqəmsal ekosistemi mərhələli şəkildə Vercel infrastrukturuna köçürüləcək.
Mercedes-in kommersiya direktoru Riçard Sanders əməkdaşlıq barədə deyib: “Formula 1 elə bir dünyadır ki, burada hər millisaniyə böyük əhəmiyyət daşıyır, hər qərar həlledici olur və davamlı inkişaf uğurun əsasını təşkil edir. Vercel də məhz bu yanaşmanı bölüşür.
Vercel platforması dünyanın müxtəlif təşkilatlarına daha sürətli inkişaf etməyə, yüksək performans göstərməyə və inamla yeniliklər tətbiq etməyə kömək edir. Onları komandamızın tərəfdaşları arasında görməkdən böyük məmnunluq duyuruq”.
Vercel-in təsisçisi və baş icraçı direktoru Gilyermo Raux isə bildirib: “Sürət hər şeyə üstünlük qazandırır. Bu, həm trasda, həm də internet dünyasında keçərlidir.
Mercedes avtoidmanda ən sürətli komandalardan biridir. Mühəndislik sahəsindəki dəqiq yanaşmalarını və dayanmadan davam edən optimallaşdırma proseslərinə olan baxışımızı bölüşən bir komandanı dəstəkləməkdən qürur duyuruq”.




Şərh əlavə et