Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui: Risk aldım

Aston Martin komandasının texniki direktoru Ədrian Nyui mövsümün ilk hissəsində yaşanan performans problemləri ilə bağlı özünü tənqid edərək, bolidin normadan artıq ağır olduğunu və aerodinamik inkişaf istiqamətində həddindən artıq aqressiv yanaşma seçdiklərini etiraf edib.

 

Aston Martin 2026-cı mövsümündə hələ də geridə qalan komandalar sırasında yer alır. Komanda Fernando Alonsonun Monakoda qazandığı 1 xal sayəsində çempionatda sonuncu pillədə qərarlaşan Cadillacın bir pillə önündədir.

Mövsümün əvvəlində Melburnda verilən açıqlamalarda Ədrian Nyui Honda güc qurğusunun kifayət qədər rəqabətədavamlı olmadığını vurğulayaraq məsuliyyətin bir hissəsini mühərrik tərəfinin üzərinə qoymuşdu. Lakin telemetriya məlumatları bolidin həm şassi, həm də aerodinamika baxımından da rəqiblərindən geri qaldığını göstərib.

Nyui Aston Martin-dəki ilk layihəsində yaşanan problemləri belə izah edib: “Şassi baxımından icazə verilən minimum çəkidən yuxarıdayıq. Bunun bir hissəsi güc qurğusunun inteqrasiyası və Honda ilə birlikdə həll etməli olduğumuz vibrasiya problemlərindən qaynaqlanır.

Ancaq çəkinin azaldılması istiqamətində də kifayət qədər yaxşı iş görə bilmədik. Layihə sürətlə hazırlananda ilk zərbə məhz çəkiyə dəyir. Çünki hər detalı optimallaşdırmağa kifayət qədər vaxt olmur”.

Təcrübəli mühəndis aerodinamik konsepsiya seçimində də həddindən artıq cəsarətli davrandığını etiraf edib: “Aerodinamika baxımından kifayət qədər iddialı bir istiqamət seçdik və bu, böyük ölçüdə mənim qərarım idi. Vaxt məhdudiyyəti səbəbindən fərqli konsepsiyaları ətraflı şəkildə araşdırmaq imkanımız yox idi.

Seçdiyimiz istiqamət əsas etibarilə səhv deyil. Amma əvvəlcədən proqnozlaşdıra bilmədiyimiz bəzi çətinliklərin yaranmasına səbəb oldu”.

Rauf Hacıyev

Şərh əlavə et