Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen McLaren-ə müraciət göndərib?

Formula 1-də Maks Ferstappenin gələcəyi ilə bağlı iddialar gündəmdə qalmaqda davam edərkən, McLaren ilə baş tutan sürpriz təmasın niderlandlı pilotunun menecer heyəti tərəfindən başladıldığı iddia olunub.

Kokpit.az bildirir ki, dördqat Dünya Çempionunun gələcəyi ilə bağlı müzakirələr Britaniyanın The Daily Mail nəşrinin Avstriya Qran Prisi öncəsi Ferstappen tərəfinin McLaren Racing-in baş icraçı direktoru Zek Braun ilə mümkün transfer barədə ilkin danışıqlar apardığını yazmasından sonra yenidən alovlanıb.

Lakin Sky Sports F1-in məlumatına görə, ilk addımı atan tərəf McLaren deyil, Ferstappenin nümayəndələri olub.

Sky Sports News-un müxbiri Kreyq Sleyter bazar ertəsi verdiyi açıqlamada bunları deyib: “Bunun həqiqətən baş verdiyini öyrəndim və danışıqları başladan tərəf Maks Ferstappenin komandası idi. Bu nöqtədə ilk ağla gələn sual budur: Maks Ferstappen niyə McLaren-ə getmək istəsin? Onlar bu mövsüm çox yaxşı vəziyyətdə deyillər, amma Maks onların yenidən qalib gələcək səviyyədə bolid hazırlaya biləcək potensiala sahib olduğunu bilir. Onlar vəziyyəti qısa müddətdə dəyişə bilərlər.

O, onların texniki heyətini yaxşı tanıyır. Komanda Andrea Stella və Zek Braun tərəfindən çox yaxşı idarə olunur, üstəlik çox güclü mühəndis heyətinə malikdirlər. Hətta onların əhəmiyyətli hissəsini Red Bull-dan transfer ediblər. Bundan başqa, Maksın karyerasındakı ən vacib şəxslərdən biri olan yarış mühəndisi Canpyero Lambiase də 2028-ci ildən etibarən McLaren-ə qoşulacaq. Bu da McLaren-i daha cəlbedici seçimə çevirir”.

Sleyterin fikrincə, Mercedes variantı da əvvəlki qədər real görünmür. “Mercedes-də hazırda boş yer yoxdur. Kimi Antonelli çempionata liderlik edir. Mercedes düşünə bilər ki, ‘Doğrudanmı Maks Ferstappeni onun yanına gətirib karyerasının hələ başlanğıc mərhələsində olan inkişafını riskə atmaq istəyirik?’

Corc Rassell də ‘Gələn mövsüm yüz faiz Mercedes-də olacağam’ dedi. Yəni onun möhkəm müqaviləsi var. Ferrari-də də boş yer olmaya bilər. Real baxsaq, Maksın gedə biləcəyi başqa komanda demək olar ki, yoxdur. Buna görə də McLaren ən güclü seçim kimi görünür”.

Niderland mətbuatının məlumatına görə, Ferstappenin menecer heyəti pilotun ilk seçiminin Red Bull-da qalmaq olduğunu vurğulayıb.

Ferstappenin Red Bull ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. Lakin müqaviləsində yer alan çıxış maddəsinə əsasən, avqust ayında yay fasiləsi başlayarkən Sürücülər Çempionatında ilk iki pillədən kənarda qalacağı təqdirdə, 2027-ci il mövsümü üçün başqa komandaya keçə bilər.

Ferstappenin McLaren-ə transferinin qarşısındakı ən böyük maneə isə komandanın hazırkı pilot heyətidir.

Həm son dünya çempionu Lando Norris, həm də Oskar Piastri uzunmüddətli müqavilələrlə Vokinq təmsilçisinə bağlıdır.

Son günlər Ferstappenin McLaren-ə, Piastrinin isə Red Bull-a keçməsini nəzərdə tutan birbaşa pilot mübadiləsinin mümkünlüyü barədə də iddialar ortaya atılıb.

Piastrinin meneceri Red Bull-un sabiq pilotu Mark Vebberdir. Onun Red Bull ilə güclü əlaqələrə malik olması səbəbindən avstraliyalı pilotun mümkün razılaşmada əsas fiqurlardan biri ola biləcəyi bildirilir. Lakin əldə olunan məlumata görə, Piastri McLaren-dəki vəziyyətindən razıdır və komandadan ayrılmağı düşünmür.

Sleyter bununla bağlı belə deyib: “İnsanlar hesab edir ki, burada bir yer açıla bilər. Çünki Oskar Piastrinin meneceri Mark Vebberdir və onun Red Bull ilə güclü əlaqələri var. Buna görə də belə bir pilot mübadiləsi ssenarisi gündəmə gətirilir.

Oskar Piastrinin düşüncəsinə gəlincə… McLaren-dəki rəhbər şəxslər mənə onun komandada xoşbəxt olduğunu, çox çalışdığını və dünya çempionluğunu məhz McLaren ilə qazanmağı hədəflədiyini deyiblər”.

Digər tərəfdən, McLaren-in baş icraçı direktoru Zek Braun da Avstriya Qran Prisi öncəsi Ferstappen ehtimalı ilə bağlı suala cavab verərkən bu variantı qəti şəkildə istisna etməyib.

Zek Braun Sky Sports F1ə açıqlamasında deyib: “Lando və ya Oskarın başqa komandaya getmək istəməsi məni çox təəccübləndirərdi. Çünki hər ikisi burada çox xoşbəxtdir. Əlbəttə, onların müqavilələri var. Ancaq bundan əlavə, biz onlardan, onlar da bizdən razıdır. Lakin fərz edək ki, çox qeyri-adi bir hadisə baş verdi və kimsə vannadan çıxarkən banan qabığına basıb yıxıldı… O zaman əlbəttə ki, seçimimiz dördqat dünya çempionu Maks Ferstappen olar”.

Rauf Hacıyev

Şərh əlavə et