Q1
Sürücülərin pit yolundan trasa çıxması ilə 15 dəqiqəlik Q1 sessiyası başlayıb.
Trasa çıxan sürücülər təxminən dörd dəqiqə sonra ilk sürətli dövrələrinə başlayıblar.
Dioqo Moreyra 1:31.718 nəticə ilə erkən liderliyə yüksəlib. Franko Morbidelli cüzi fərqlə ikinci olub. Joan Mir isə 1:31.315 nəticə göstərərək ilk pilləyə yüksəlib.
Təmsilçimiz Toprak Razqatlıoğlunun liderdən təxminən bir saniyə geri qaldığı ilk sürətli dövrəsi isə tras limitlərini aşdığı üçün stüardlar tərəfindən ləğv edilib.
İlk cəhdlərdən sonra sürücülər sazlamalar üzərində işləmək üçün pitə qayıdıb, daha sonra yenidən trasa çıxıblar.
Sessiyanın son beş dəqiqəsində Fabio Kuartararo ilk iki sektorda Mirdən geri qalsa da, son sektorlarda güclü performans göstərərək 1:31.271 nəticə ilə liderliyə yüksəlib.
Kuartararo növbəti dövrəsində nəticəsini yaxşılaşdırmağa yaxın olsa da, trasdakı sıxlıq səbəbindən sürətli dövrəsini yarımçıq dayandırmalı olub. Kameralar onun bu vəziyyətə əsəbiləşdiyini göstərib.
Toprak Razqatlıoğlu isə liderdən 1.854 saniyə geri qalaraq 10-cu pilləyə yüksəlib.
Sessiyanın sonlarında Dioqo Moreyra ağır qəza keçirərək çınqıl zonasına çıxıb. Həmin anda üçüncü yerdə olan sürücü bununla da Q2-yə yüksəlmək şansını itirib.
Toprak son cəhdinə hazırlaşarkən komandası tərəfindən qaraja çağırılıb.
Damalı bayraq göstərildikdən sonra sıralama dəyişməyib. Fabio Kuartararo və Joan Mir Q2-yə yüksəlib. Toprak Razqatlıoğlu isə 1:33.125 nəticə ilə Q1-i 12-ci yerdə başa vuraraq yarışa 22-ci yerdən start götürəcək.
Q2
Poul mövqeyi uğrunda mübarizədə ilk sürətli dövrəsini tamamlayan Marko Bezzekki 1:30.853 nəticə ilə erkən lider olub. Raul Fernandes ilk iki sektorda daha sürətli olsa da, son hissədə vaxt itirərək ikinci pilləyə yerləşib.
İlk dövrəsi tras limitlərini aşdığı üçün ləğv edilən Mark Markes növbəti cəhdində 1:31.366 nəticə ilə səkkizinci yerə yüksəlib. Q1-dən gəldiyi üçün təkər dəyişməsinə vaxt sərf edən Fabio Kuartararo isə 1:31.316 nəticə ilə altıncı olub.
Bir qədər sonra Markesin daha bir dövrəsinin də tras limitlərini aşdığı üçün ləğv edildiyi açıqlanıb.
Pedro Akosta motosikletində yaranan problem səbəbindən uzun məsafə ərzində otluq sahəyə çıxıb. Mühərriki yenidən işə salmaqda çətinlik çəkən sürücü motosikletini ayağı ilə itələyərək pitə qaytarıb.
Sessiyanın son beş dəqiqəsində Xorxe Martin 1:30.812 nəticə ilə Bezzekkini geridə qoyaraq liderliyə yüksəlib. Ai Oqura 1:30.939 nəticə ilə beşinci olub, daha sonra isə 1:30.823 nəticə göstərsə də, Martinə cüzi fərqlə uduzaraq ikinci pilləyə qalxıb.
Sessiyanın son dəqiqələrində Raul Fernandes ən yaxşı nəticəni göstərsə də, onun dövrəsi də tras limitlərini aşdığı üçün ləğv edilib və o, dördüncü yerə qayıdıb. Fernandes qərardan məyus olsa da, son cəhdində nəticəsini yaxşılaşdıra bilməyib.
Beləliklə, damalı bayraqla birlikdə sessiya başa çatıb və Xorxe Martin 2026-cı il Hollandiya Qran-prisinin poul mövqeyinin sahibi olub.




Şərh əlavə et