Pit yolunda düzülən bolidlər start siqnalından sonra trasa çıxıblar və bir saatlıq ikinci məşq sessiyası başlayıb.
Sessiyanın ilk hissəsində McLaren duetinin tempi diqqət çəkib. Lando Norris 1:08.000 nəticə ilə liderliyə yüksəlib, Oskar Piastri isə cüzi fərqlə komanda yoldaşını izləyib. Antonelli isə üçüncü pillədə qərarlaşıb.
Maks Ferstappen komanda radiosu vasitəsilə bolidin özünü əvvəlkindən tam fərqli apardığını bildirib. Dördqat dünya çempionu maşından narazı olduğunu deyib və sürətli dövrəsini tamamladıqdan sonra Norrisdən 1.272 saniyə geri qalaraq altıncı yerdə qərarlaşıb.
Serxio Peres bolidində yaranan elektrik problemi səbəbindən trasda dayanmalı olub. Maşını yenidən hərəkət etdirə bilməyən meksikalı pilot komandaya “Yenə eyni problemi yaşayıram” deyə məlumat verib. Birinci məşqdəki nasazlığın təkrarlanması səbəbindən virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub və sarı bayraqlar göstərilib.
Sonrakı dövrələrdə Ferstappen boksa qayıdaraq komandadan oturacağının sazlanmasını istəyib.
Peresin bolidi trasdan götürüldükdən sonra sarı bayraqlar ləğv edilib və sessiya davam etdirilib.
Antonelli Piastrinin nəticəsini geridə qoyaraq ikinci pilləyə yüksəlib. Bir qədər sonra onun komanda yoldaşı Corc Rasselldə sürətli dövrəsini vuraraq 1:08.221 nəticə ilə dördüncü yerə yüksəlib.
Norris üçüncü döngədə arxa hissənin ilişməsini itirərək təhlükəli an yaşayıb. Trasdan çıxmasına baxmayaraq, britaniyalı pilot bolidinə nəzarəti itirməyib və sessiyanı problemsiz davam etdirib.
Sessiyanın yarısı geridə qalarkən Valtteri Bottas komandaya boliddən tüstü çıxdığını bildirib. O, maşını aşağı sürətlə boksa qədər gətirə bilib. Televiziya kameraları bolidin altlığının asfalta sürtündüyünü və qığılcımlar saçdığını göstərib. Boksda aparılan yoxlama zamanı ön asılqanda yanğın aşkarlanıb və alov qısa müddətdə söndürülüb.
Antonelli 1:07.657 nəticə ilə Norrisi geridə qoyaraq liderliyə yüksəlib. Az sonra Piastri zirvəyə qalxsa da, Antonelli 1:07.209 nəticə göstərərək birinci yeri yenidən geri alıb.
Rasselli geridə qoyaraq dördüncü pilləyə yüksələn Lyuis Həmilton döngələrin birində təkərlərini kilidləyərək trasdan kənara çıxsa da, ciddi problem yaşamayıb.
Sessiyanın son 20 dəqiqəsində Antonelli növbəti sürətli dövrəsinə başlayıb. Son sektorda bir qədər vaxt itirsə də, 1:07.014 nəticə ilə öz rekordunu yeniləyib.
Ayzek Hacar üçüncü döngədə arxa hissənin ilişməsini qısa müddətə itirsə də, bolidi fırlanmaqdan xilas edə bilib. Onun komanda yoldaşı Ferstappen isə radio ilə enerji idarəetmə sistemində problem yaşadığını bildirib.
Sessiyanın son hissəsində sıralama dəyişməyib və Kimi Antonelli ikinci sərbəst yürüş sessiyasını ən sürətli pilot kimi başa vurub. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub.
| Sıra | Pilot | Komanda | Vaxt | Fərq | Dövrə |
|---|---|---|---|---|---|
| 1 | K.Antonelli | Mercedes | 1:07.014 | – | 32 |
| 2 | O.Piastri | McLaren | 1:07.251 | +0.237 | 32 |
| 3 | L.Norris | McLaren | 1:07.339 | +0.325 | 32 |
| 4 | M.Ferstappen | Red Bull Racing | 1:07.564 | +0.550 | 29 |
| 5 | L.Həmilton | Ferrari | 1:07.611 | +0.597 | 33 |
| 6 | C.Rassell | Mercedes | 1:07.637 | +0.623 | 25 |
| 7 | İ.Həccar | Red Bull Racing | 1:07.758 | +0.744 | 28 |
| 8 | Ş.Lekler | Ferrari | 1:07.855 | +0.841 | 35 |
| 9 | L.Louson | RB F1 Team | 1:08.235 | +1.221 | 34 |
| 10 | Q.Bortoleto | Audi | 1:08.300 | +1.286 | 30 |
| 11 | P.Qasli | Alpine | 1:08.376 | +1.362 | 33 |
| 12 | A.Lindblad | RB F1 Team | 1:08.378 | +1.364 | 29 |
| 13 | O.Birman | Haas F1 Team | 1:08.532 | +1.518 | 33 |
| 14 | N.Hülkenberq | Audi | 1:08.559 | +1.545 | 32 |
| 15 | E.Okon | Haas F1 Team | 1:08.830 | +1.816 | 33 |
| 16 | F.Kolapinto | Alpine | 1:08.831 | +1.817 | 30 |
| 17 | A.Elbon | Williams | 1:08.838 | +1.824 | 34 |
| 18 | K.Sayns | Williams | 1:09.131 | +2.117 | 30 |
| 19 | F.Alonso | Aston Martin Racing | 1:10.544 | +3.530 | 27 |
| 20 | L.Stroll | Aston Martin Racing | 1:10.698 | +3.684 | 32 |
| 21 | V.Bottas | Cadillac-Ferrari | 1:11.307 | +4.293 | 6 |
| 22 | S.Peres | Cadillac-Ferrari | – | – | 2 |




Şərh əlavə et