Xəbəri Kokpitdə Oxuyun!

Avstriyaya gətirilən yeniliklər

Formula 1 komandalarından doqquzu Avstriya Qran Prisinə müxtəlif texniki yeniliklərlə gəlib. Bəzi komandaların yenilənmə siyahısı kifayət qədər qısa olsa da, gözlənildiyi kimi, Red Bull Racing doğma mərhələsinə mövsümün əvvəlindən bəri ən böyük yenilənmə paketini hazırlayıb. Lakin diqqət çəkən təkcə bu komanda deyil. Belə ki, Audi də xeyli yenilik təqdim edib, Cadillac-ın siyahısında isə ümumilikdə on dəyişiklik yer alıb.

 

McLaren

MCL40 bolidində arxa əyləclərin hava kanallarının yeni versiyası quraşdırılıb. Bu yenilik hava axınının keyfiyyətini yaxşılaşdırmalı və nəticədə bolidin arxa hissəsində asfaltayatma qüvvəsini artırmalıdır.

Komanda həmçinin arxa qanadda da dəyişiklik edib. Düzlük rejimi (Straight Line Mode – SLM) aktivləşdirildikdə hərəkət edən elementin mövqeyi dəyişdirilib. Bunun sayəsində bu rejimdə hava müqaviməti daha effektiv şəkildə azaldılır.

Əslində isə söhbət Uokinq təmsilçisinin nəhayət “Macarena qanadı” və ya paddokda deyildiyi kimi “Ferrari üslublu qanad” konstruksiyasını təkcə məşqlərdə deyil, yarış həftəsonunun bütün sessiyalarında istifadə etmək qərarından gedir.

Mercedes

Çempionat liderlərinin bolidində ön asılqanın qollarını örtən aerodinamik elementlərin hücum bucağı dəyişdirilib. Bu yenilik bolidin arxa hissəsinə yönələn hava axınını yaxşılaşdırır.

Bundan başqa, mühərrik qapağı və Formula 1-də “Coke Bottle” (“Coca-Cola butulkası”) adlandırılan arxa hissə də yenilənib. Soyutma sistemindən çıxan isti havanın xaric olduğu dəlik daraldılıb. Bunun nəticəsində isti havanın daha böyük hissəsi mühərrik qapağındakı ventilyasiya yarıqlarından xaric edilir və hava axını daha optimal bölüşdürülür.

Red Bull Racing

Komandanın təqdim etdiyi yeniliklər siyahısında yeddi bənd yer alıb. Maks Ferstappen və Ayzek Hacarın bolidlərində yan pontonların hava girişlərinin həm forması, həm də yerləşməsi dəyişdirilib. Məqsəd soyutma sisteminin səmərəliliyini artırmaq və bu elementlərin ciddi şəkildə yenilənmiş RB22-nin altlığl ilə daha effektiv işləməsini təmin etməkdir.

Bununla yanaşı, komandanın açıqlamasına görə, bu dəyişikliklərin əsas məqsədi etibarlılığı artırmaqdır. Eyni səbəbdən mühərrik qapağı da əvvəlki dəyişikliklərə uyğun şəkildə yenidən işlənib.

Bolidin arxa hissəsində asılqanın aerodinamik örtüklərinin və onların bərkidilmə nöqtələrinin profili dəyişdirilib. Bu isə hava axınının keyfiyyətini və sabitliyini artıraraq asfaltayatma qüvvəsini yüksəldir.

Arxa qanadı saxlayan dayaqların geometriyası da yenilənib ki, bu da aerodinamik səmərəliliyin artırılmasına xidmət edir. Bundan əlavə, qazburaxma borusunun çıxış profili və onun bərkidilmə sistemi də dəyişdirilib.

Ferrari

SF-26-nın ön qanadında yenilənmiş son lövhələr və onların üzərində təkmilləşdirilmiş əlavə aerodinamik elementlər quraşdırılıb. Komandanın açıqlamasına görə, bu, İspaniya Qran Prisində təqdim olunan yeniliklərin davamıdır.

Ferrari həmçinin altlığın ön hissəsində bəzi dəyişikliklər edib və arxa görüntü güzgülərinin dayaqlarını qısaldıb. Lakin komanda vurğulayıb ki, bu elementlər yalnız sərbəst yürüşlərdə sınaqdan keçiriləcək.

Racing Bulls

Red Bull Racing-dən fərqli olaraq, Faentsa təmsilçisinin yenilikləri daha azdır. Komanda egzoz borusunun çıxışını aşağı salıb və diffuzorun arxa kənarlarının geometriyasını yenidən işləyib.

Haas F1

VF-26-da ön əyləc hava kanallarının konstruksiyası dəyişdirilib. Məqsəd arxa hissəyə yönələn hava axınının xüsusiyyətlərini yaxşılaşdırmaq və lokal itkiləri azaltmaqdır.

Buna uyğun olaraq asılqan qollarının aerodinamik örtükləri də yenidən işlənib ki, bu da ümumi aerodinamik səmərəliliyi artırmalıdır.

Audi F1

Niko Hülkenberq və Qabriel Bortoletoya məxsus bolidlərdə ön qanadın son lövhələrinin konstruksiyası dəyişdirilib, aşağı deflektorun dayağının geometriyası yenilənib. Bu dəyişikliklər şassinin həmin hissəsində hava axınının yaxşılaşdırılmasına yönəlib.

altlığın arxa hissəsi modernləşdirilib, arxa hissədə yeni aşağı deflektorlar quraşdırılıb, asılqanın geometriyası və əlavə arxa qanadın konstruksiyası dəyişdirilib. Bu yeniliklərə uyğun olaraq əsas arxa qanad da təkmilləşdirilib.

Alpine F1

Renault-nun zavod komandası yenilənmiş son lövhələrə malik yeni ön qanad təqdim edib. Bu isə burun hissəsinin konstruksiyasının dəyişdirilməsini tələb edib. Bütün bu yeniliklər birlikdə bolidin ön hissəsinin aerodinamik səmərəliliyini artırır.

Arxa hissədə isə diffuzora əlavə aerodinamik element quraşdırılıb.

Cadillac F1

MAC-26 bolidində yan pontonların hava girişləri böyüdülüb və onların geometriyası soyutma sisteminin səmərəliliyini artırmaq məqsədilə yenidən işlənib. Buna uyğun olaraq mühərrik qapağının forması və arxa hissəsinin – yəni “Coke Bottle” zonasının profili də dəyişdirilib.

Yan pontonların yuxarı hissəsində və mühərrik qapağında soyutma sisteminin ventilyasiya yarıqlarının yerləşməsi və forması yenilənib.

Arxa görüntü güzgülərinin dayaqları modernləşdirilib, çünki onlar da arxa hissəyə yönələn hava axınına təsir göstərir.

Bolidin yuxarı hissəsində təhlükəsizlik tağının bərkidilmə nöqtələrinin aerodinamik örtükləri yenidən formalaşdırılıb.

Altlıq da ciddi şəkildə yenilənib. Belə ki, onun ön hissəsi, kənarları və diffuzorun səthinin geometriyası dəyişdirilib. Bundan başqa, əlavə arxa qanadın bu hissədə yerləşən səthlərinin profili də yenidən işlənib.

Rauf Hacıyev

Şərh əlavə et