Xəbəri Kokpitdə Oxuyun!

Kimi Antonelli ilk məşqdə lider olub

Kimi Antonelli Şpilberqdə birinci sərbəst yürüşdə ən sürətli olub; Mercedes sürücüsü komanda yoldaşı Corc Rasselli 0.040 saniyə qabaqlayıb.

Birinci sərbəst yürüşdə altı komandada sükan arxasına gənc sürücülər keçiblər. Reqlament komandaları mövsüm ərzində dörd dəfə Qran Pridə iki startdan az təcrübəsi olan sürücüyə maşın verməyə məcbur edir. Bunu yalnız adi uik-end çərçivəsində, şənbə sprinti olmayan mərhələdə etmək mümkündür və Şpilberq mərhələsi bunun üçün ideal variant idi.

Aston Martin-də Cek Krouford Ləns Strollu, Audi-də Paul Aron Qabriel Bortoletonu, Ferrari-də Dino Beqanoviç Şarl Lekleri, Haas F1-də Rio Hirakava Esteban Okonu, Racing Bulls-da Ayumu İvasa Liam Lousonu əvəz edib. Williams-da isə Lyuk Brauninq Karlos Saynsın maşınının sükanı arxasına keçib.

Bir çox komanda yeniliklər gətirmişdi və əsas diqqət onların effektivliyinin qiymətləndirilməsinə yönəlmişdi. Bundan başqa, bütün uik-end boyu davam edəcək isti hava şəraitinə görə soyutma sistemlərini uyğunlaşdırmaq lazım idi. Birinci məşqin əvvəlində, demək olar ki, buludsuz səma altında asfalt artıq 50°C-yə qədər qızıb.

Red Bull-da problemlər yaranıb: hidravlik sistemdə sızmaya görə Hacarın maşını üzərində uzun müddət iş gedib, Ferstappen isə pit-leyndə dayanıb, muftanı buraxanda motorun sönməsinə imkan verməyən sistemin işə düşməsindən şikayət edib. Daha sonra trasa çıxıb, amma bir neçə metr sonra yenidən dayanıb. Maşını bir neçə dəqiqəlik yenidən boksa qaytarıblar. Beləliklə, komandanın hər iki sürücüsü sessiyanın ilk hissəsini itirib.

Norrisin maşınında da hidravlik problemlər yaranıb. Problemi dərhal aradan qaldırmaq mümkün olmayıb və nəticədə Lando 45 dəqiqə itirib.

Antonelli, Həmilton, Qasli və Hacar trasdan kənara çıxıblar, lakin bu, maşınlar üçün zədəsiz ötüşüb. Piastri əyləclərdən şikayətlənib. Peres güc qurğusunda problemlərdən şikayət edərək trasda dayanıb, amma sonra hərəkəti davam etdirə bilib.

Sessiyanın bitməsinə iki dəqiqə qalmış qırmızı bayraqlar göstərilib – Peres texniki problemlərə görə üçüncü döngənin qarşısında trasda dayanıb. Məşq də bununla başa çatıb.

Kimi Antonelli daha sürətli olub – 1:07.796.

Pilot Komanda Vaxt Fərq Dövrələr
1. Kimi Antonelli Mercedes 1:07.796 29
2. Corc Rassell Mercedes 1:07.836 +0.040 30
3. Oskar Piastri McLaren 1:07.913 +0.117 26
4. Maks Ferstappen Red Bull 1:08.077 +0.281 17
5. Lyuis Həmilton Ferrari 1:08.461 +0.665 25
6. Arvid Lindblad Racing Bulls 1:08.726 +0.930 18
7. Lando Norris McLaren 1:08.873 +1.077 9
8. Franko Kolapinto Alpine 1:08.962 +1.166 27
9. Dino Beqanoviç Ferrari 1:09.054 +1.258 26
10. Oliver Bearman Haas 1:09.071 +1.275 26
11. Niko Hülkenberq Audi 1:09.165 +1.369 30
12. Ayzek Hacar Red Bull 1:09.481 +1.685 11
13. Valtteri Bottas Cadillac 1:09.521 +1.725 21
14. Pyer Qasli Alpine 1:09.546 +1.750 28
15. Ayumi İvasa Racing Bulls 1:09.637 +1.841 19
16. Aleks Elbon Williams 1:09.644 +1.848 31
17. Paul Aron Audi 1:09.646 +1.850 20
18. Lyuk Brauninq Williams 1:09.979 +2.183 29
19. Rio Hirakava Haas 1:10.493 +2.697 23
20. Cek Krouford Aston Martin 1:11.202 +3.406 22
21. Serxio Peres Cadillac 1:11.283 +3.487 14
22. Fernando Alonso Aston Martin 1:11.333 +3.537 21

Gilanur Huseynova

Şərh əlavə et