Xəbəri Kokpitdə Oxuyun!

Lekler: Həmiltonun qələbəsi məni həvəsləndirir

Ferrari-nin pilotu Şarl Lekler komanda yoldaşı Lyuis Həmiltonun izi ilə gedərək 2026-cı il mövsümündə qələbə qazanmaq istədiyini bildirib.

İtalyan təmsilçisi İspaniya Qran Prisində Mercedes-in qələbə seriyasına son qoyaraq Lyuis Həmiltonla mövsümün ilk qələbəsini qazanıb. Şarl Lekler isə uğursuzluqla üzləşərək Barselonada yarışı başa vura bilməyib.

Avstriya Qran Prisi öncəsi danışan Lekler Mercedes-in yenə güclü olacağını gözlədiyini, lakin isti hava şəraitinin Ferrari-nin xeyrinə işləyə biləcəyini düşünür: “Ümumi rəqabət baxımından Mercedes-in ən sürətli bolidə sahib olacağını düşünürəm. İsti hava şəraitində yarış zamanı təkərlərlə çox yaxşı işləyirdik. Ümid edirəm ki, bu üstünlüyümüzü bu həftəsonuna da daşıya bilərik. Amma burada uzun düzlüklər var və hazırda Mercedes-in güc qurğusu daha güclü görünür. Buna görə bunun əvəzini bir qədər çox ödəyə biləcəyimizi düşünürəm. Mercedes hələ də məğlub edilməli komandadır”.

Lekler Barselonada yarışdan qalmasına səbəb olan texniki nasazlığın detalları barədə danışmasa da, bunun gələcək üçün ciddi narahatlıq yaratmadığını deyib. “Detallara çox girmək istəmirəm, amma nasazlıq çox qəfil baş verdi. Bunun gələcək üçün problem yaradacağını düşünmürəm. Sadəcə son iki yarış həftəsonu bizim üçün kifayət qədər çətin keçdi. İndi əsas istəyim komanda olaraq problemsiz bir həftəsonu keçirmək və layiq olduğumuz yerə qayıtmaqdır”.

Həmiltonun son qələbəsinin onu da motivasiya etdiyini söyləyən monakolu pilot bildirib: “Lyuisin qələbəsini görmək məndə də yenidən qalib gəlmək istəyini artırır. Son bir neçə ildə buna imkan verəcək bolidimiz yox idi. Amma indi yenidən yarış qazana biləcək tempə sahib olduğumuzu hiss edirəm. Mənim vəzifəm də Lyuisin Barselonada etdiyi kimi ön sıralarda mübarizə aparmaqdır”.

Həmiltonun çempionluq uğrunda mübarizəyə qoşulduğunu deməsindən sonra özünə ünvanlanan eyni sualı cavablandıran Lekler bunları deyib: “Düzünü desəm, hazırda çempionluq barədə düşünmürəm. Son bir neçə yarış həftəsonunda hər şeyi yenidən qaydasına salmağa çalışırdıq və əksər problemləri həll etdik. İlk növbədə öz ritmimi bərpa etmək istəyirəm. Buna nail olsaq, çoxlu yarış qələbələri də gələcək. Çempionluğu isə mövsümün sonunda düşünərik. Hazırda fikrimdə olan məsələ bu deyil”.

Ferrari-nin ardıcıl yeniliklər gətirməsindən və zavoddakı işlərin tempindən razı qaldığını bildirən Lekler komandanın doğru istiqamətdə irəlilədiyini düşünür. “Komanda çox yaxşı vəziyyətdədir. Mövsümün əvvəlindən bəri bolidimizdə çoxlu yeniliklər görmüşük. Zavoddakı əməkdaşların istehsal baxımından bu qədər böyük səy göstərməsi və davamlı yeniliklər gətirməsi çox müsbət haldır. Hətta bəzi dövrlərdə yenilik gətirdiyimiz yarış həftəsonlarının sayı yenilik gətirmədiklərimizdən çox olub”.

Rauf Hacıyev

Şərh əlavə et