Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Avstriya Qran Prisi üçün “istilik təhlükəsi” protokolu aktivləşdirilib

Bu həftəsonu keçiriləcək Avstriya Qran Prisi FIA tərəfindən rəsmi olaraq “istilik təhlükəsi” elan edilən yarış kimi təsdiqlənib.

Şpilberqdə yerləşən Red Bull Ring trası üçün hava proqnozları isti və quru hava şəraitinə işarə edir. Yarış günü havanın temperaturunun 31 dərəcəni keçəcəyi gözlənilir. Havanın 35 dərəcə ətrafında olacağı, tras səthinin temperaturunun isə 50 dərəcədən yuxarı qalxacağı proqnozlaşdırılır.

Beləliklə, Avstriya ötən il keçirilən Sinqapur və ABŞ Qran Prilərindən sonra “istilik təhlükəsi” elan olunan üçüncü Qran Pri olacaq.

Bu təhlükəsizlik tədbiri pilotlara yüksək temperaturun təsirlərini azaltmaq üçün soyuducu jiletlərdən istifadə etmək imkanı yaradır. Formula 1 qaydalarına əsasən, maye ilə soyudulan bu jiletlərin çəkisini kompensasiya etmək məqsədilə bolidlərin minimum çəkisi 5 kiloqram artırılır.

Pilotlar soyuducu jilet geyinməmək hüququna da malikdirlər. Lakin bu halda rəqabət üstünlüyü əldə etmələrinin qarşısını almaq üçün bolidə əlavə ballast yerləşdirilir.

Soyuducu jiletlər adətən qlikol kimi mayenin quru buzla doldurulmuş rezervuardan keçirilməsi və daha sonra pilotun kombinezonunun daxilində yerləşən borular sisteminə ötürülməsi prinsipi ilə işləyir.

Bununla belə, sistemin bəzi mənfi cəhətləri də var. O, pilotun kokpitdəki rahatlığını azalda bilər və quru buzun tükənməsi halında sistem əksinə qızmağa başlaya bilər.

Qran Pri Pilotları Assosiasiyasının nümayəndəsi Corc Rassell ötən il Sinqapurda qələbə qazandığı yarışdan sonra bu sistemi dəstəkləmişdi: “Hər kəs bu jileti rahat hesab etmir, amma düşünürəm ki, zamanla onu şəxsi tələblərə uyğunlaşdırmaq mümkündür.

Konsepsiya çox yaxşıdır. Rütubətin 90 faizə çatdığı və kokpit temperaturunun 60 dərəcəyə yaxınlaşdığı yarışlarda bolidin içi sözün əsl mənasında saunaya çevrilir. Buna görə də əksəriyyətimiz bu sistemi müsbət qarşılayırıq”.

Lakin Maks Ferstappen kimi bəzi sürücülər soyuducu jiletlərin narahatlıq yaratdığını və istifadəsinin ideal olmadığını düşünürlər.

Bu qayda ilk dəfə 2023-cü ildə keçirilən Qətər Qran Prisi zamanı yaşanan ekstremal istilərdən sonra tətbiq olunub. Həmin yarışda bir neçə pilot huşunu itirmə həddinə çatmış, tibbi yardıma ehtiyac duymuşdu. Esteban Okon yarış zamanı dəbilqəsinin içinə qusmuş, Loqan Sarcent isə kokpitdəki ağır şəraitə tab gətirə bilmədiyi üçün yarışı yarımçıq dayandırmışdı.

2026-cı ildən etibarən qüvvəyə minən yeni qaydaya əsasən, “istilik təhlükəsi” statusu artıq sprint yarışı və əsas yarış üçün ayrıca elan oluna bilər. Bu isə FIA-ya hava şəraitindən asılı olaraq daha çevik qərarlar qəbul etmək imkanı verir.

Rauf Hacıyev

Şərh əlavə et