Xəbəri Kokpitdə Oxuyun!

Pirelli istiyə baxmayaraq bir pit-stop gözləyir

Həftəsonu çox isti hava gözlənilsə də, Pirelli Şpilberqdə keçənilki iki pit-stopun əvəzinə əsasən bir pit-stoplu strategiya gözləyir.

Kokpit.az xatırladır ki, Pirelli Avstriyaya ən yumşaq tərkibləri – Hard, Medium və Soft rolunda C3, C4 və C5 təkərlərini gətirəcək. Avstriyada mexaniki aşınma həlledici amil sayılmır, çünki təkərlər əsasən həddən artıq qızmaya görə aşınır. Trasın asfaltı bir neçə il əvvəl salınıb, nahamarlıq səviyyəsi yüksəkdir. Bu isə öz-özlüyündə təkərlərin qızmasına səbəb olur.

İl ərzində keçirilən çoxsaylı yarış tədbirlərindən sonra asfaltda qalan işlənmiş rezin qatı sayəsində asfaltla ilişmə yaxşı olacaq və həftəsonu ərzində daha da yaxşılaşacaq. Sürətlənmələr zamanı arxa təkərlər daha çox yüklənir və daha sürətlə aşınır, enişlərdə əyləcləmə zamanı isə ön təkərlər yüklənir. Red Bull Ring-də hündürlük fərqi böyükdür – 63 metr. Bu, təqvimdə ikinci ən yüksək göstəricidir. Güclü yeni güc qurğuları enişlərdə təkərlərin bloklanmasına şərait yaradacaq.

Daha bir vacib məqam dəniz səviyyəsindən olan hündürlüklə bağlıdır. 600 metrdən artıq yüksəklikdə seyrək hava daha az asfaltayatma qüvvəsi yaradır ki, bu da təkərlərin sürüşməsinə səbəb ola bilər.

Keçən il komandaların əksəriyyəti yarış məsafəsini iki pit-stopla qət edib, elan olunmuş hər üç təkər tərkibindən istifadə olunub. İndiki təkərlərin daha stabil xüsusiyyətlərini nəzərə alsaq, komandaların bir pit-stoplu strategiyadan daha çox istifadə edəcəyini gözləmək olar.

Havanın yüksək temperaturu da öz rolunu oynayacaq. Bununla belə, tras dağlıq Ştiriyada yerləşir və onu əhatə edən meşələr bəzən hava şəraitinin kəskin dəyişməsi üçün şərait yaradır.

Gilanur Huseynova

Şərh əlavə et