Cümə gününün son sessiyası olan əsas məşq yürüşündə hava şəraiti səhərki sessiya ilə müqayisədə xeyli yaxşı olub. Havanın temperaturu 27°C, trasın temperaturu isə 37°C ölçülüb.
Bir saatlıq sessiya üçün geri sayım başladıqdan sonra sürücülər Mucelloda trasa çıxmağa başlayıblar.
İlk dəqiqələr geridə qalarkən protokolların zirvəsinə 1:45.697 nəticə ilə Françesko Banyaya yüksəlib.
Əsas məşq sessiyasının orta hissəsinə çatdıqda sürücülər yarış simulyasiyalarına başlayıblar. Marko Bezzekki, Ai Oqura və Fermin Aldequer yeni təkərlərə keçdikdən sonra Bezzekki 1:45.024 nəticə ilə liderliyə yüksəlib. Oqura isə təxminən 0.6 saniyə geri qalaraq ikinci olub.
Fabio Kuartararo 4 və 5-ci döngələrin yerləşdiyi hissədə qəza edərək qırmızı bayraqlara səbəb olub.
Təxminən 10 dəqiqəlik fasilədən sonra trasda yenidən yaşıl bayraqlar dalğalanıb və sürücülər vaxt itirmədən yenidən trasa çıxıblar. Cek Miller isə ilk döngədə qəzaya uğrayıb.
Sessiya bir müddət problemsiz davam etsə də, finişə 12 dəqiqə qalmış Bred Binder motosikletini tras kənarında saxladığı üçün məşq yenidən qırmızı bayraqlarla dayandırılıb.
Bir neçə dəqiqəlik fasilədən sonra sessiya yenidən bərpa olunub. Bitimə dörd dəqiqə qalmış Fabio Di Cianantonio 1:44.808 nəticə göstərərək ən sürətli dövrəni vurub və sessiyanı lider tamamlayıb.
Françesko Banyaya ikinci yeri tutub, Enea Bastyanini isə üçüncü pilləyə yüksəlib. Dördüncü və beşinci yerlərdə Franko Morbidelli ilə Fermin Aldeqer qərarlaşıblar. Onları isə Mark Markes və Marko Bezzekki izləyiblər.
İlk “10-luğ”u Xorxe Martin, Aleks Rins və Dioqo Moreyra tamamlayıblar.




Şərh əlavə et