Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Canantonio vətənində yaxşı başlayıb

MotoGP-də İtaliya Qran Prisinin ilk sərbəst yürüş sessiyasında ən sürətli dövrənin sahibi Fabio Di Cianantonio olub. 

Start verildikdən sonra sürücülər trasa çıxıblar və 45 dəqiqəlik məşq sessiyası başlayıb.

Təkərləri hazırlayıb trasa uyğunlaşdıqdan sonra pilotlar sürətli dövrələr vurmağa başlayıblar. Françesko Banyaya sessiyanın başlamasından təxminən səkkiz dəqiqə sonra 1:49.218 nəticə göstərərək protokola rəhbərlik edən ilk sürücü olub.

Bir neçə dövrə sonra Marko Bezzekki 1:48.045 nəticə ilə ilk pilləyə yüksəlib.

Mark Markes trasa çıxmaq üçün motosikletinə əyləşərək hazırlıq görüb. Lakin bu zaman onun bir qədər yavaş hərəkət etdiyi və çətinlik yaşadığı da ekranlara əks olunub.

Banyaya növbəti sürətli dövrəsində 1:46.971 nəticə əldə edərək yenidən ilk sıraya yüksəlib. Bezzekki isə təxminən yarım saniyə geridə qalıb.

Sessiyanın ilk 15 dəqiqəsi tamam olduqdan sonra demək olar ki, bütün sürücülər sazlanma işləri üçün boksa qayıdıblar.

Trasın boşalmasından istifadə edən Markes motosikletini son dərəcə ehtiyatlı şəkildə sürərək özünü yoxlamağa çalışıb. Əyləc nöqtələrindəki diqqətli davranışı onun tempini aşağı salsa da, mərhələli şəkildə sürətini artırmağa çalışıb. İlk dövrələrində 1:52 və 1:50 aralığında nəticələr göstərən ispaniyalı daha sonra 1:48 diapazonuna düşməyi bacarıb.

Sessiyanın orta hissəsində Fermin Aldequer 1:46.916 nəticə ilə liderliyə yüksəlib.

Franko Morbidelli 1:47.238-lik dövrə ilə üçüncü pilləyə qalxıb. Xorxe Martin isə 1:47.557 nəticə ilə altıncı sırada yeri alıb.

Xoan Mir 1:47.392 nəticə göstərdiyi sürətli dövrə ilə 14-cü pillədən beşinciliyə yüksəlib. Sessiyanın son dəqiqələrinə yaxın sürücülər yenidən boksa dönərək motosikletlər üzərində dəyişikliklər ediblər.

Son dəqiqələrdə yenidən trasa çıxan pilotlar həm tempi artırıb, həm də fərqli sazlamaları yoxlayıblar.

Markes sürətini bir qədər artıraraq 1:47.419 nəticə ilə yeddinci pilləyə yüksəlib.

Pedro Akosta 1:46.794 nəticə ilə zirvəyə qalxsa da, ardınca Fabio Di Cianantonio 1:46.242-lik dövrə ilə liderliyi onun əlindən alıb. Banyaya isə ilk döngədə çınqıl zonasına çıxaraq sessiyanı vaxtından əvvəl başa vurub.

Sessiya başa çatdıqdan sonra 1:46.242 nəticə ilə ilk pillədə Fabio Di Cianantonio qərarlaşıb. Xorxe Martin ikinci, Ai Oqura isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et