Xəbəri Kokpitdə Oxuyun!

McLaren də Ferrari tərzi qanad gətirir

Ferrari uzun illərdir aerodinamik yeniliklərə daha konservativ yanaşması ilə seçilsə də, bu mövsüm Maranellodan gələn mühəndislər paddoku təəccübləndiriblər. Komanda ilk dəfə qeyri-adi konstruksiyaya malik arxa qanad təqdim edib.

Düzlük rejimi – Straight Mode aktivləşəndə qanad öz oxu ətrafında 180 dərəcə fırlanır. Paddokda isə bu həllə “Macarena üslublu qanad” adı verilib. Zarafatın müəllifinin hətta şəxsən Frederik Vassyör olduğu deyilir.

Bu ifadənin mənasını anlamaq üçün 30 il əvvəl ABŞ qrupu Bayside Boys tərəfindən hazırlanmış və Los Del Rio duetinin məşhur hitinə əsaslanan “Macarena” klipinə baxmaq kifayətdir. Maraqlıdır ki, Formula 1-də bu ifadənin yenidən gündəmə gəlməsi mahnının YouTube baxış statistikasına da təsir edib.

Skuderiya bu qanadı ilk dəfə Bəhreyndəki mövsümöncəsi testlərdə sınayıb. Artıq Mayami Qran Prisinə qədər isə Red Bull Racing də bu ideyanı kopyalayaraq öz versiyasını hazırlayıb.

McLaren də mövsümün dördüncü mərhələsinə böyük yenilik paketi gətirmişdi, amma həmin vaxt bu tip qanad təqdim olunmamışdı. Bununla belə, Florida həftəsonunda paddokda Vokinq təmsilçisinin də oxşar həll üzərində işlədiyi barədə şayiələr dolaşırdı.

RacingNews365 yazır ki, McLaren iki ay ərzində bu konstruksiyanın potensialını detallı şəkildə analiz edib və nəticədə onun yenilənmiş MCL40 aerodinamik paketinə yaxşı uyğunlaşacağı qənaətinə gəlib. Məhz həmin modernizasiya paketinin ikinci mərhələsi Kanada Qran Prisinə təsadüf edir.

Belə həlli tez bir zamanda tətbiq etmək isə asan deyil. Çünki bunun üçün maşının arxa hissəsinin konstruksiyasında dəyişiklik aparmaq lazımdır. “Macarena üslublu” qanad mərkəzi aktuator əvəzinə ikitərəfli ötürücü sistem tələb edir.

Üstəlik, yarış həftəsonunda bu qanaddan istifadə etmək üçün hər iki maşın üçün ayrıca komponent dəstləri və kifayət qədər ehtiyat hissələri hazırlanmalıdır. İddialara görə, McLaren bu tapşırığın öhdəsindən uğurla gəlib və bütün lazım olan detallar artıq Kanadaya göndərilib.

İndi əsas sual budur: komanda sprint formatlı həftəsonunda, cəmi bir saatlıq yeganə məşqdən dərhal sonra keçiriləcək sprint sıralanması öncəsi bu qanadı real tras şəraitində sınamaq riskinə gedəcəkmi? Görünən odur ki, McLaren buna hazırdır.

Rauf Hacıyev

Şərh əlavə et