Şirkət mart ayında yayımladığı maliyyə proqnozunda artıq zərər gözlədiyini bildirmişdi. Ötən həftə açıqlanan rəsmi rəqəmlər də bunu təsdiqləyib. Mart ayında başa çatan maliyyə ilində Honda təxminən 2.68 milyard dollar itki ilə üzləşib. Bu göstərici pandemiya dövründəki nəticələrdən belə zəif olub.
Bununla belə, şirkətin Formula 1 layihəsinin bundan birbaşa təsirlənməyəcəyi bildirilib. Motorsport.com-a verilən açıqlamada qeyd olunub ki, maliyyə nəticələri Honda Racing Corporation və Formula 1 proqramında xüsusi dəyişiklik yaratmayacaq.
Honda-nın baş direktoru Toşihiro Mibe bildirib ki, zərərin əsas səbəbi elektrikli avtomobil strategiyası və EV layihələrinə qoyulan böyük investisiyalardır. Xüsusilə ABŞ bazarında bu yatırımlar gözlənilən nəticəni verməyib.
ABŞ-də elektrikli avtomobillər üçün tətbiq olunan 7500 dollarlıq vergi güzəştinin 2025-ci ildə ləğv olunması da satışlara mənfi təsir göstərib.
Bu maliyyə vəziyyəti Honda-nın gələcək planlarına da təsir edib. Şirkət Kanadada elektrikli avtomobil və batareya istehsalı üçün nəzərdə tutulan 11 milyard dollarlıq layihəni dayandırıb.
Bundan başqa, Honda 2030 və 2040-cı il hədəflərinə də yenidən baxıb. Şirkət əvvəllər yeni avtomobil satışlarının böyük hissəsinin tam elektrikli modellərdən ibarət olmasını planlaşdırırdı. Lakin hazırda bu strategiya geri plana keçirilib.




Şərh əlavə et