Xəbəri Kokpitdə Oxuyun!

Horner BYD ilə idmana qayıda bilər

Son aylarda Kristian Hornerin gələcəyi ilə bağlı müxtəlif iddialar səslənməkdə davam edir. Bu xəbərlərin bir qismi müəyyən faktlara əsaslansa da, bəziləri daha çox təsdiqlənməmiş şayiələr təsiri bağışlayır.

Bu arada bir sıra media qurumları, o cümlədən Sky Sports, maraqlı bir ehtimalı da gündəmə gətirib.

Çinin avtomobil nəhəngi BYD Formula 1-ə maraq göstərir. Şirkət rəhbərliyi bunu artıq təsdiqləyib və çempionat rəhbərliyi ilə danışıqlara başlayıb. Müzakirələrdə gələcəkdə öz zavod komandasının yaradılması variantı da yer alır.

2025-ci ildə illik dövriyyəsi 100 milyard dolları keçən BYD Avropa elektromobil bazarında mövqeyini gücləndirməyə çalışır. Şirkət ötən həftəsonu Kann Film Festivalı çərçivəsində Kann şəhərində genişmiqyaslı marketinq tədbiri təşkil edib. Məhz orada Kristian Horner şirkətin vitse-prezidenti Stella Li ilə birlikdə görüntülənib. İddialara görə, o, BYD rəhbəri Van Çuanfu ilə də görüş keçirib.

Ehtimal olunur ki, BYD gələcəkdə Formula 1 layihəsinə başlamaq qərarı verərsə, Hornerin belə bir əməkdaşlığa nə dərəcədə maraqlı ola biləcəyini araşdırır. Bununla belə, belə layihənin uzunmüddətli olması mümkündür və Red Bull Racing-in sabiq rəhbəri paddoka daha tez qayıtmaq istəyirsə, bu ssenari onun üçün ideal variant sayılmaya bilər.

Digər tərəfdən, məhz belə bir layihə Hornerin idarəçilik bacarıqlarını yenidən ön plana çıxara bilər. Məsələn, bu il debüt edən Red Bull Powertrains mühərrik proqramının formalaşdırılmasında onun mühüm rolu olub və layihə ilk mərhələdə uğurlu təsir bağışlayıb. Bu təcrübə ilə Hornerin yeni zavod layihəsinə rəhbərlik edə biləcəyi düşünülür.

Rauf Hacıyev

Şərh əlavə et