Xəbəri Kokpitdə Oxuyun!

Pirelli daha az dənlənmə gözləyir

Kanada mərhələsinin proqramına bu il ilk dəfə sprint yarışı daxil edilib. Üstəlik, Monrealdakı yarış həftəsonu adətən olduğundan iki-üç həftə daha erkən keçirilir ki, bu da hava şəraiti baxımından sürpriz ehtimalını artırır.

Pirelli mövsümün beşinci mərhələsi üçün ən yumşaq üç tərkibi gətirib — C3 (Hard), C4 (Medium) və C5 (Soft).

2024-cü ildə Jil Vilnöv trasının asfalt örtüyü yenilənib və nəticədə səth daha hamar, eyni zamanda daha az abraziv olub. Lakin tras ildə cəmi bir dəfə yarış qəbul etdiyindən, həftəsonu ərzində hər sessiyadan sonra asfaltın vəziyyəti sürətlə dəyişir.

Ötən ilin bazar günü təkərlərdə dənlənmə açıq şəkildə müşahidə olunmuşdu. Amma 2026-cı ildə Pirelli yeni nəsil yarış təkərlərindən istifadə etdiyinə görə, bu problemin təkərlərin vəziyyətinə və işinə təsirinin daha az olacağı gözlənilir. Hətta şənbəyə doğru dənlənmənin tam yox olması da mümkündür.

Trasın konfiqurasiyası intensiv sürətlənmə və sərt əyləcləmələrin ardıcıl şəkildə təkrarlanması ilə seçilir. Bu isə boliddən əyləcləmə zamanı stabil davranış və aparıcı təkərlərin maksimum səviyyədə ilişmə göstərməsini tələb edir.

Hava şəraiti baxımından komandaları yalnız yağış yox, həm də daha sərin hava çətin vəziyyətə sala bilər. Belə hallarda, xüsusilə sıralanma turunda, təkərləri optimal iş temperaturuna çatdırmaq əsas amillərdən biri olacaq.

Ən yumşaq C5 tərkibini isitmək daha asandır və o, bir sürətli dövrədə ən yaxşı ilişməni təmin edir. Buna görə də bu təkərlər sprint yarışında əsas seçim ola bilər. Bazar günü isə komandaların daha konservativ yanaşaraq C4 və C3 tərkiblərinə üstünlük verməsi gözlənilir.

Mayamidə olduğu kimi, ən real strategiya yenə bir pit-stoplu taktika hesab olunur. Lakin 2025-ci ilin Kanada Qran Prisi göstərmişdi ki, həmin şəraitdə və ötənilki təkərlərlə ən sürətli variant iki pit-stop strategiyası olmuşdu. Bir dayanacaqlı taktikanı əsasən start düzümünün ikinci yarısından başlayan komandalar seçmişdi.

Rauf Hacıyev

Şərh əlavə et