Formula 1 hələ 2026-cı il texniki reqlamentinin cəmi dördüncü yarış həftəsonunu geridə qoysa da, mövcud qaydalarla bağlı müzakirələr artıq idmanın növbəti dövrünə yönəlməyə başlayıb.
Bu mövzuda ən diqqətçəkən açıqlamalardan biri də FIA-nın prezidenti Mohammed Ben Sulayem tərəfindən verilib. O, V8 mühərriklərinin 2030-cu illərə doğru Formula 1-ə geri dönə biləcəyini söyləyib.
Corc Rassell isə mövzu ilə bağlı bunları deyib: “Açığı, danışılacaq çox şey var, amma V8 mühərriklərinə qayıdış çox möhtəşəm olardı”.
Lakin britaniyalı pilotun ən böyük tələblərindən biri bolidlərin daha yüngül olmasıdır: “Bolidləri daha da yüngülləşdirməyin yollarını tapmalıyıq
Düşünürəm ki, bunun yarış keyfiyyətinə və sürüşə çox ciddi təsiri var. Bu, bolidlərin bir-biri ilə daha yaxın mübarizə aparmasına imkan yaradır”.
Rassell keçmiş dövrün Formula 1 bolidlərinin tez-tez romantikləşdirildiyini, amma həmin illərdə ötmələrin çox az olduğunu da xatırladıb: “Hər kəs 20 il əvvəlki Formula 1 dövrünü idmanın qızıl çağı kimi görür və mən də düşünürəm ki, həmin bolidlər indiyə qədərki ən möhtəşəm F1 maşınları idi.
Amma 2000-ci illərin əvvəllərində demək olar ki, heç ötmə olmurdu. Buna görə də gələcək addımı planlaşdırarkən bunu unutmaq olmaz”.




Şərh əlavə et