Artıq formal olaraq o, digər komandalarla danışıqlar aparmaq və təklifləri qəbul etmək hüququna sahibdir. Horner son on ay ərzində paddokda görünməsə də, kifayət qədər diqqət çəkən fiqur olduğu üçün onun və gələcək planlarının ətrafında xəbərlər mütəmadi yayılıb. Doğrudur, bunların əksəriyyəti şayiə səviyyəsində olub.
Tamamilə mümkündür ki, FIA prezidenti Muhammed ben Sulayem son müsahibəsində təsadüfi olaraq onun adını çəkməyib. O vurğulayıb ki, Formula 1-ə qayıtmaq istəyən Hornerlə mütəmadi əlaqə saxlayır.
Lakin əsas sual budur – hansı rolda qayıdacaq? Müxtəlif versiyalar səsləndirilsə də, hələlik heç biri təsdiqlənməyib. Bu isə kulislərdə müəyyən aktiv danışıqların getmədiyi mənasına gəlmir və yaxın gələcəkdə nəticələr məlum ola bilər.
Xatırladaq ki, keçmiş Red Bull Racing rəhbərinin Alpine komandasının səhmlərinə namizədlərdən biri olduğu deyilirdi. Eyni zamanda onun Aston Martin-də rəhbər vəzifələrdən birinə gətirilə biləcəyi, hətta Ferrari-nin də belə səviyyəli menecerə maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.
Onun adı həmçinin Liberty Media-nın yeni layihəsi kontekstində də hallanıb. Şirkət yaxın zamanda MotoGP aktivlərini satın alıb və mətbuatda Hornerin motoyarış üzrə dünya çempionatına rəhbərlik edə biləcəyi barədə ehtimallar səslənib. O, aprelin sonunda bu populyar seriyanın İspaniya mərhələsində iştirak edib və Xeresə məhz Liberty-nin dəvəti ilə getdiyini açıqlayıb.
İndi 52 yaşlı Kristian Horner sərbəst agent statusu aldığı üçün onun ətrafındakı şayiələrin daha da artacağı gözlənilir. Hadisələrin sonrakı inkişafı hansı versiyanın həqiqətə daha yaxın olduğunu göstərəcək.




Şərh əlavə et