Red Bull tarixində ilk dəfə öz güc qurğusunu inkişaf etdirdiyi üçün layihənin çətin başlanacağı əvvəlcədən proqnozlaşdırılırdı. Lakin yaranan problemlərin miqyası əksəriyyət üçün sürpriz olub.
Mövsümün ilk 3 yarışında cəmi 16 xal toplayan Red Bull Mühəndislər Kubokunda altıncı pillədə qərarlaşıb. Performans baxımından isə komanda açıq şəkildə orta qrupa geriləyib. Sıralanma turlarında orta hesabla 0.97 saniyə geri qalan Red Bull yarış tempində dövrə başına Mercedes-dən 1.26 saniyə geri qalıb.
Bu göstəricilər Red Bull-un artıq Alpine və Haas kimi orta qrup komandaları ilə birbaşa rəqabət apardığını göstərib. Ön qrupun arxa sıralarında yer alan McLaren isə həm yarış, həm də sıralanma tempində orta hesabla Red Bull-dan 0.4 saniyə daha sürətli olub. Bu da RB22-ni son 11 ilin ən zəif Red Bull bolidinə çevirib.
Red Bull 2022–2025-ci illər arasında mövsümlərə damğa vursa da, əslində 2009-cu ildən bəri peletonun ən güclü komandalarından biri hesab olunub.
Komandanın buna bənzər son ciddi geriləməsi 2015-ci il mövsümündə yaşanıb. Həmin il Daniel Rikkardo və Daniil Kvyat ilə çıxış edən Red Bull sıralanma turlarında liderdən orta hesabla 1.18 saniyə geri qalıb. Hibrid dövrün ikinci ilində də zirvədə Mercedes yer alıb.
Maraqlıdır ki, Red Bull hibrid dövrün ilk ili olan 2014-də Mercedes-ə daha yaxın olub. Həmin mövsümdə orta fərq 0.83 saniyə təşkil edib və bu nəticə komandaya ikinci ən güclü kollektiv statusunu qazandırıb.
Red Bull-un toparlanması vaxt ala bilər
Tarixə baxdıqda Red Bull-un yenidən zirvəyə qayıdışının uzun çəkə biləcəyi görünür. 2014-cü ildə hibrid dövrün başlamasından sonra komandanın yenidən rəqabətədavamlı gücə çevrilməsi yeddi mövsüm çəkmişdi.
Lakin hazırkı vəziyyət tam olaraq həmin dövrlə eyni deyil. Çünki 2013-dən 2014-ə keçiddə tətbiq olunan güc qurğusu qaydaları 2026-cı ilə müqayisədə daha radikal olub. Üstəlik, Red Bull o vaxt Renault mühərriyindən asılı idi, indi isə öz istehsalı sayəsində güc qurğusuna tam nəzarət edir.
Əslində mövcud məlumatlar problemin əsas mənbəyinin güc qurğusu olmadığını göstərib. Avstraliya, Çin və Yaponiya mərhələlərində Red Bull-un maksimal sürəti kifayət qədər rəqabətədavamlı olub, bəzi hallarda hətta Ferrari-dən də yüksək nəticə göstərib. Əsas vaxt itkisi döngələrdə baş verib. Bu problem xüsusilə Çində ikinci sektorda və Yaponiyadakı sürətli “Esses” döngələrində açıq şəkildə özünü göstərib.
“Qardaş komanda” Racing Bulls ilə müqayisə də maraqlı mənzərə ortaya qoyub. Eyni güc qurğusundan istifadə olunmasına baxmayaraq, komandaların üstün olduğu sahələr fərqlənib. Əsas komanda düzlüklərdə sürət baxımından öndə olub, Racing Bulls isə bu sahədə geri qalıb.
Bu isə RB22-nin ümumilikdə yetərli səviyyədə asfsltayatma qüvvəsinə malik olmadığını və bolidin aşağı sürtünmə yönümlü dizayna həddindən artıq fokuslandığını göstərib. Red Bull oxşar yanaşmanı hibrid dövrün əvvəlində də zəif Renault mühərriyini kompensasiya etmək üçün tətbiq etmişdi.
Nəticə olaraq mənzərə aydın olub: Red Bull-un yenidən zirvəyə qayıtması zaman tələb edir. Bu proses böyük ehtimalla hibrid dövrün əvvəlindəki qədər uzun çəkməyəcək, lakin qələbələr uğrunda mübarizəyə qayıtmaq üçün komandanın fundamental problemlərini aradan qaldırması vacibdir.




Şərh əlavə et