Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: F1 sürücülərə ədalətli davranmır

Esteban Okon Formula 1-də debütünü təxminən on il əvvəl – 2016-cı ilin avqustunda edib və zəif Manor komandasında Paskal Verlyaynın komanda yoldaşı olub. Alman sürücü Formula 1-də uzun müddət qala bilməyib və digər seriyalarda uğurlu karyerasını davam etdirib, amma Esteban o vaxtdan bəri çempionatda çıxış edir, yalnız 2019-cu il mövsümünü buraxıb.

Bu müddətdə o, Force India, Renault, Alpine kimi komandaların bolidlərini idarə edib və artıq ikinci ildir Haas komandası ilə əməkdaşlıq edir. Onu yalnız 2021-ci ildə Alpine ilə Macarıstan Qran Prisində qazandığı qələbə və daha üç podiuma görə yox, həm də komanda yoldaşları ilə yaşadığı konfliktlərə görə xatırlayırlar. Esteban açıq formada etiraf edir ki, karyerasından razı deyil və daha çoxuna qadir olduğuna inanır.

Esteban Okon: “Debüt edəndə son sıralarda idim və o vaxtdan hər gün çalışıram ki, ön sıralara yüksəlim, amma Formula 1 hər zaman istedadlı sürücülərə qarşı ədalətli olmur, əgər doğru anda yaxşı maşın əldə etmirsənsə”.

29 yaşlı fransızın bu hisslərini müəyyən qədər anlamaq olar. O, vaxtilə Avropa Formula 3 və GP3 seriyalarında çempion olub, Mercedes-in gənclər proqramında yer alıb və öz nəslinin ən perspektivli sürücülərindən biri sayılıb. Məsələn, Formula 3-də o, hələ gənc olan Maks Ferstappeni məğlub edə bilmişdi. Ferstappen sonradan Formula 1-də dörd titul qazanıb, Okonun isə ən yaxşı mövsüm nəticəsi 2022-ci ildə 8-ci yer olub.

Esteban Okon: “Əksəriyyət Qran Pridə qələbə qazansalar, razı qalardılar, amma mən yox. Mən titul arzusundan imtina etmirəm və onun uğrunda mübarizə aparmaq şansı əldə edənə qədər dayanmayacağam. Demək olar ki, on ilə bir qələbə və üç podium mənim üçün kifayət deyil.

Mən ən güclüləri məğlub etməyin nə olduğunu bilirəm, bunu əvvəllər bacarmışam və içimdəki o alov sönməyib, buna görə də çıxış etməyə davam edirəm”.

Lakin artıq ikinci ildir ki, Esteban gənc komanda yoldaşı Oliver Berman qarşısında geri qalır. Mövsüm başlamazdan əvvəl Haas F1 komandasının rəhbəri Ayo Komatsu bunu açıq şəkildə qeyd edib:

Oya Komatsu: “Əgər 2025-ci ildə Okonun sırf idman nəticələrinə baxsaq, onlar heç kimi qane etmirdi. Onun komanda yoldaşı debütantdır, baxmayaraq ki, o çox istedadlıdır, amma Estebanın artıq 10 illik Formula 1 təcrübəsi var. O, podiuma yüksəlib, qələbəsi var, buna görə də ondan daha çoxunu gözləyirdik.

Yeni mövsümün ilk üç mərhələsindən sonra Bermanın hesabında artıq 17 xal var, Okon isə yalnız bir dəfə ilk onluqda finiş görüb və o da cəmi bir həftə əvvəl olub”.

Rauf Hacıyev

Şərh əlavə et