Xəbəri Kokpitdə Oxuyun!

Haas Fuji trasında testə hazırlanır

Haas F1 komandası iyulun sonunda Yaponiyada testlər keçirəcəyini açıqlayıb. Komandanın yaydığı məlumata görə, 28 və 29 iyul tarixlərində, yəni artıq yay fasiləsinin əvvəlində Fuji trasında testlər baş tutacaq.

Söhbət TPC proqramı çərçivəsində keçirilən (Testing of a Previous Car) xüsusi testlərdən gedir və bu testlərdə komandalar əvvəlki illərə aid bolidlərdən istifadə edirlər.

Hansı bolidin istifadə olunacağı isə hələ açıqlanmayıb, testlərdə iştirak edəcək sürücülərin adları da hələlik bəlli deyil. Lakin böyük ehtimalla onların arasında Haas-ın ehtiyat pilotu olan 32 yaşlı yapon sürücü Rio Hirakava da olacaq. O, eyni zamanda dözümlülük yarışlarında Toyota-nın zavod komandası ilə çıxış edir.

“Yaponiya, biz qayıdırıq! 28 və 29 iyul tarixlərində Fuji trasında işləyəcəyik”, – deyə komanda sosial şəbəkə hesablarında bildirib.

Qeyd edək ki, Haas F1 komandası ötən ilin avqustunda da məhz bu trasda oxşar testlər keçirmişdi. Həmin testlərdə Rio Hirakava ilə yanaşı, Super GT seriyası üzrə üçqat çempion və o vaxtkı Super Formula çempionu Şo Tsuboi də iştirak etmişdi.

Rauf Hacıyev

Şərh əlavə et