Xəbəri Kokpitdə Oxuyun!

FİA qaydalarda yenilik etməyi düşünür

Yaponiya və Mayami mərhələləri arasındakı fasilədə FIA komandalar, güc qurğusu istehsalçıları, sürücülər və FOM nümayəndələri ilə bir sıra görüşlər keçirəcək və 2026-cı il reqlamentində mümkün dəyişiklikləri müzakirə edəcək. Texniki analitik Paolo Filizetti isə mövsümün əvvəlində yaranan tənqidlər fonunda hansı dəyişikliklərin mümkün olduğunu izah edib.

Onun fikrincə, əsas problem güc qurğusunun elektrik hissəsinin idarə olunması ilə bağlı olub və bu, ilk üç yarışda həm kvalifikasiyaya, həm də yarışlara ciddi təsir göstərib. Xüsusilə “superklipping” rejimi – yəni enerjinin toplanması üçün gücün azaldılması sürücülərin tempinə mənfi təsir edib.
Bu sistem proqram təminatı ilə idarə olunur və bəzi hallarda maşınlar arasında böyük sürət fərqi yaradır. Məsələn, Oliver Berman və Franko Kolapinto insidentində olduğu kimi, biri enerji yığarkən digəri istifadə edəndə sürət fərqi təhlükəli həddə çatıb.
Qısa xülasə: Mövcud reqlament enerji idarəetməsi səbəbindən trasdakı mübarizəni bir qədər “süni” hala gətirib və sürət fərqlərini artırıb. FIA və digər tərəflər bu problemi təhlil ediblər və dəyişiklik variantlarını müzakirəyə çıxarıblar. Filizetti mümkün həll yollarını belə izah edib:
•Qısa müddətdə ən real addım rekupirasiya limitinin azaldılması ola bilər (məsələn, 5 MJ-ə qədər) – bu, superklipping ehtiyacını azaldacaq və düzlüklərdə sürətin sabit qalmasına kömək edəcək.
•Daxili yanma mühərriyinin gücünü qismən artırmaq variantı da nəzərdən keçirilə bilər ya  daha enerji tutumlu yanacaq, ya da alışma sisteminin optimallaşdırılması hesabına…
•Turbonun təzyiqinin artırılması da gücü yüksəldə bilər, amma bu, etibarlılıq baxımından riskli hesab olunur.
Orta müddətli perspektivdə isə daha ciddi dəyişiklik müzakirə olunub:
Güc paylanmasının dəyişdirilməsi – yəni elektrik və daxili yanma mühərriyi arasında balansın 50:50-dən 60:40-a (mühərriyin xeyrinə) keçirilməsi.
Bu yanaşma həm ekoloji tələbləri qoruyub saxlayacaq, həm də sürücülərin rolu və real yarış mübarizəsini daha ön plana çıxaracaq.
Nəticə olaraq: FIA yaxın aylarda ya ən effektiv, ya da ən az riskli variantı seçməli olacaq. Məqsəd isə həm təhlükəsizliyi artırmaq, həm də Formula 1-də mübarizəni daha təbii və maraqlı hala gətirməkdir.

Rauf Hacıyev

Şərh əlavə et