Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-da daha bir ayrılıq

Ditrix Mateşiçin vəfatından sonra Red Bull Racing-də başlayan hakimiyyət uğrunda mübarizə bir neçə il ərzində komandanın əsas simalarının böyük hissəsinin itirilməsinə gətirib çıxarıb.

Helmut Markonun illərlə zəhmətlə qurduğu, ən yaxşı mütəxəssisləri yüksək maaşlarla bir araya gətirdiyi komanda göz önündə dağılmağa başlayıb. Görkəmli konstruktor Ədrian Nyui gedib. Komandada 19 il çalışmış idman direktoru Conatan Vitli ayrılıb. Komanda rəhbəri Kristian Horner və layihənin ideoloqu Helmut Marko işdən çıxarılıb. Bu siyahını daha da uzatmaq olar.

Yeni rəhbər Oliver Mintzlaff “köhnə qvardiya” ilə xüsusi bağlılığı olmayan biridir – onun üçün əsas məsələ investisiyaların geri dönüşü və korporativ layihələrin effektivliyi olub, halbuki əvvəllər komandada bu faktorlar ikinci, hətta üçüncü planda qalırdı.

F1-Insider-in məlumatına görə, Red Bull Racing-in əsas mexaniklərindən biri olan Ole Şak da istefa verib. O, hələ Sebastian Fettelin dövründən komandada çalışıb və 2012-ci ildə Sinqapurda onunla birlikdə podiuma çıxıb.

Bildirilir ki, danimarkalı mütəxəssis komandadan ayrılmasının səbəbi kimi iş mühitinin dəyişməsini göstərib.

Rauf Hacıyev

Şərh əlavə et