Xəbəri Kokpitdə Oxuyun!

X.Montoya: Nyui öz işini görsün

Sabiq Formula 1 pilotu Xuan-Pablo Montoya hesab edir ki, Ədrian Nyui yalnız mühəndislik məsələləri ilə məşğul olmalı, Aston Martin komandasında texniki direktor və komanda rəhbəri vəzifələrini eyni anda icra etməyə çalışmamalıdır.

Keçmiş Formula 1 sürücüsü, vaxtilə iki dəfə mövsümü üçüncü pillədə başa vurmuş və 2005-ci ildə McLaren-də Nyui ilə birlikdə çalışmış kolumbiyalı sürücü bu fikirdə olam tək adam deyil. Əksəriyyət hesab edir ki, dahi konstruktorun inzibati posta təyin olunması səhv qərar olub.

Xuan Pablo Montoya: “Belə bir deyim var: əgər sən çəkməçisənsə, işin çəkmə tikməkdir. Məncə, bu, məhz Nyuiyə aid haldır. O, komandanı idarə edə bilərmi? Yəqin ki, bəli. Amma mən düşünürəm ki, o, ilk növbədə texniki mütəxəssisdir, siyasət isə onun işi deyil.

Komanda rəhbəri çox müdrik və siyasəti yaxşı bilən biri olmalıdır. Məhz buna görə Toto Volf hər sahədə uğur qazanır. Onda hər şey alınır”.

Aston Martin üçün mövsümün başlanğıcı uğursuz alınıb – komandanın problemləri ilk növbədə Honda-nın yeni güc qurğuları ilə bağlıdır: həm etibarlılıq aşağı səviyyədə olub, həm də effektivlik gözləniləni doğrultmayıb. Eyni zamanda AMR26-nın şassisi də ideal işləməyib və təbii ki, Adrian Nyui yalnız texniki məsələlərə fokuslansaydı, bu, komanda üçün daha faydalı olardı.

Hətta Conatan Vitlinin Audi zavod komandasından ayrılmasının əsas səbəbinin Lourens Strollun onu Aston Martin F1-ə rəhbər gətirmək istəyi olduğu təsdiqlənsə belə, o, bu vəzifəni yaxın zamanda tuta bilməyəcək. Yalnız ən azı altı ay davam edən məcburi məzuniyyət müddətindən sonra buna imkan yaranacaq.

Rauf Hacıyev

Şərh əlavə et