Xəbəri Kokpitdə Oxuyun!

McLaren-in planı nədir?

McLaren komandasının bolid inkişafı üzrə texniki direktoru Nil Houldi Melburnda keçirilən mövsümün ilk yarışından sonra Vokinqdə hansı nəticələrin çıxarıldığını və Çin Qran Prisinə hazırlıq zamanı nəyə diqqət yetirildiyini danışıb.

 

Nil Houldi: “MCL40 ilk dəfə yanvar testlərində trasa çıxdıqdan sonra müxtəlif istiqamətlər üzrə böyük həcmdə məlumat toplamış və analiz etmişik. Avstraliyada mövsümün ilk mərhələsi komandaya çox vacib məlumatlar verib və biz həmin məlumatlar əsasında maşını inkişaf etdirməyə və yeni reqlamentə uyğunlaşmağa davam edirik.

Maşını müxtəlif yarış vəziyyətlərində və real mübarizədə sınamaq onun potensialını daha yaxşı anlamaq üçün çox dəyərli imkan olub. Bununla belə, qarşıda hələ çox işin olduğunu anlayırıq. Güc qurğusunun potensialını daha yaxşı açmağa çalışırıq, həmçinin döngələrdə ilişmənin yaxşılaşdırılması kimi məsələlərə xüsusi diqqət yetiririk.

Yaxın yarışlarda da diqqətimizi bu sahələrə yönəldəcəyik, çünki mövcud konfiqurasiyadan maksimum fayda götürmək istəyirik. Həm trasda, həm də Vokinqdəki bazada komanda MCL40-ın üzərində inkişaf işlərini davam etdirmək üçün böyük səylər göstərir. Lakin ciddi yeniliklərin hazırlanması və tətbiqi üçün hələ bir neçə mərhələyə ehtiyac olacaq.

Buna görə də Çin Qran Prisinə hazırlaşarkən HPP mühərrik tərəfdaşlarımızla birlikdə Melburnda əldə etdiyimiz təcrübəni diqqətlə təhlil etmişik və komanda olaraq daha səmərəli işləmək üçün birləşmişik ki, həm şənbə sprintində, həm də bazar yarışında mübarizəyə hazır olaq”.

Rauf Hacıyev

Şərh əlavə et