Xəbəri Kokpitdə Oxuyun!

BYD F1-də debüt imkanlarını araşdırır

Çinin avtomobil istehsalçısı BYD brendin ölkə xaricində tanınmasını artırmaq strategiyası çərçivəsində avtoidmanda iştirak variantlarını araşdırır. Bu variantlar arasında Formula 1 və dözümlülük üzrə dünya çempionatı da var.

Məsələ ilə tanış mənbələrin məlumatına görə, şirkət öz komandasını sıfırdan yaratmaqdan tutmuş artıq mövcud olan bir komandanı satın almağa qədər müxtəlif ssenariləri nəzərdən keçirir.

BYD-nin belə addımı Çin istehsalçısının avtoidmanda möhkəmlənmək üçün nadir birbaşa cəhdi ola bilər. Bu sahədə ənənəvi olaraq Avropa və Amerika komandaları üstünlük təşkil edir.

Əvvəllər Çin avtomobil istehsalçıları avtoidmana yalnız epizodik maraq göstərib. Məsələn, Geely şirkəti beynəlxalq turinq yarışlarında Cyan Racing komandası ilə uğur qazanıb – bu komanda əvvəllər Volvo-nun zavod komandası olub. 2015-ci ildə Formula E-nin ilk mövsümündə isə Nelson Pike-Junior China Racing komandası ilə sürücülər çempionu olub; həmin komanda mövsüm ərzində adını NEXTEV TCR olaraq dəyişib.

Mənbələrdən birinin sözlərinə görə, Formula 1-də iştirakın potensial xərcləri BYD üçün ciddi maneə ola bilər. Sıfırdan komanda yaratmaq uzun illər hazırlıq tələb edir və qiymətləndirmələrə görə ildə təxminən 500 milyon dollara başa gələ bilər.

Bu səbəbdən hələlik heç bir qərar qəbul edilməyib və şirkət sonda yarış proqramlarından ümumiyyətlə imtina da edə bilər. BYD nümayəndəsi bu mövzu ilə bağlı şərh verməyib.

Bu yaxınlarda BYD elektrik avtomobillərinin satışına görə Tesla-nı geridə qoyaraq dünya liderinə çevrilib. Formula 1-də iştirak şirkətin ABŞ-da brend kimi tanınmasını ciddi şəkildə artıra bilər. Hazırda isə yüksək tariflər və bazar məhdudiyyətləri səbəbindən BYD ABŞ-da avtomobil satmır.

Gilanur Huseynova

Şərh əlavə et