Xəbəri Kokpitdə Oxuyun!

FİA qaydaları dəyişib

FIA sürücülərin mövqe uğrunda mübarizə zamanı davranışı və cəzaların tətbiqi ilə bağlı qaydaları dəqiqləşdirib. Yeni dəyişikliklər cəzaların yumşaldılması və pilotlara daha çox sərbəstlik verilməsi istiqamətində hazırlanıb.

Qərara əsasən, 2026-cı il mövsümündə cərimə xalları yalnız “toqquşmaya səbəb olan təhlükəli, düşünülməmiş və ya açıq-aşkar qəsdən edilən hərəkətlərə, həmçinin digər qəbuledilməz və qeyri-idman davranışına” görə veriləcək.

Stüardlar həmçinin sürücünün toqquşmadan qaçmağa çalışdığı və “fizika qanunlarına uyğun hərəkət etdiyi” hallarda daha yüngül sanksiyalar tətbiq edəcəklər.

Son illərdə xüsusilə mübahisələrə səbəb olan məqamlardan biri də döngəyə girişdə rəqibi kəsməklə üstünlük əldə etmək idi. Bəzi hallarda bu manevr digər sürücünü sürəti azaltmağa məcbur edirdi. Yeni yanaşmaya görə stüardlar nəzərə alacaqlar ki, ötmə zamanı maşın döngəyə girmək hüququ qazanırsa, “digər maşın sadəcə yox ola bilməz”.

Bundan əlavə, sarı və mavi bayraqlar zamanı gözlənilən davranış qaydalarına da əlavə dəyişikliklər edilib.

Qeyd olunub ki, bu pilotaj qaydaları rəsmi texniki və idman reqlamentinin bir hissəsi deyil, sadəcə tərəflər arasında əldə olunmuş razılaşmaların nəticəsidir.

Yenilənmiş cəza sistemi ilə FIA-nın rəsmi saytında tanış olmaq mümkündür.

Rauf Hacıyev

Şərh əlavə et