Xəbəri Kokpitdə Oxuyun!

Bəhreyn və Ciddə yarışları əvəzlənməyəcək

Formula 1 rəhbərliyi Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri ləğv olunacağı halda onların yerinə başqa trasların əlavə edilməsini planlaşdırmır. Bu barədə Sky News məlumat yayıb.

Bildirilir ki, Saxir və Ciddə traslarında keçirilməli olan yarışların taleyi ilə bağlı qərar ən gec 20 mart tarixində verilməlidir. Əgər Bəhreyn Qran Prisi və Səudiyyə Ərəbistanı Qran Prisi ləğv edilsə, mövsümün təqvimi 24 mərhələdən 22 mərhələyə enəcək.

Bu halda Yaponiya Qran Prisi (27–29 mart) ilə Mayami Qran Prisi (1–3 may) arasında beş həftəlik fasilə yaranacaq. Alternativ variant kimi İmola və Portimao traslarında yarış keçirmək ideyası nəzərdən keçirilmir, çünki hazırlıq üçün kifayət qədər vaxt yoxdur. Eyni zamanda Suzuka trasında ardıcıl ikinci yarışın keçirilməsi də planlaşdırılmır.

Formula 1-in rəhbəri Stefano Domenikali vəziyyətlə bağlı belə danışıb: “Bizim yanaşmamız ilk növbədə bütün tərəflərin – əməkdaşların və təşkilatçıların təhlükəsizliyini təmin etməyə yönəlib. Hazırda vəziyyət inkişaf edir və hələ düzgün qərar vermək üçün vaxtımız var. Ona görə də indi tələsik bəyanat vermək istəmirik. Qərar birlikdə qəbul olunacaq.

Sakit qalmaq və düzgün qərar vermək üçün kifayət qədər vaxt saxlamaq istəyirik. Keçmişdə də belə etmişik.

Son günlər Formula 1 üçün asan keçmədi. Pirelli-nin Dubay və Bəhreyndə planlaşdırılan testləri ləğv edildi. Komandaların Dohada və Yaxın Şərqin müxtəlif yerlərində əməkdaşları var idi, çoxlu uçuşlar bron edilmişdi və son günlərdə onları yenidən planlaşdırmaq böyük iş tələb etdi. Buna baxmayaraq, Avstraliyada yarış həftəsonunu keçirmək böyük uğurdur.

İnsanlar bəzən düşünür ki, komandada 30–40 nəfər işləyir. Amma əslində Formula 1 ilə birlikdə dünyanı təxminən 3000 nəfər gəzir və onların logistikasını təşkil etmək çox böyük işdir”.

Rauf Hacıyev

Şərh əlavə et