Xəbəri Kokpitdə Oxuyun!

Suzuka Bəhreyn Qran Prisini əvəz edə bilər

Biz daha əvvəl xəbər vermişdik ki, Formula 1-də 10–12 aprel tarixlərinə planlaşdırılan Bəhreyn Qran Prisi və 17–19 aprel tarixlərində Ciddədə keçirilməsi nəzərdə tutulan Saudiyyə Ərəbistanı Qran Prisi mərhələlərinin ləğv olunacağı halda alternativ variantlar axtarılır.

İlk növbədə Emiliya Romanya Qran Prisi (İmola) və Portuqaliya Qran Prisi (Portimao) traslarında yarışların təşkili imkanları nəzərdən keçirilirdi.

Lakin İsveçrənin Blick nəşri yeni məlumat yayıb.

Nəşrin yazdığına görə, Yaxın Şərqdə davam edən hərbi əməliyyatların yaratdığı logistika problemləri səbəbindən Avropada yarışların keçirilməsi sual altındadır. Mövsümün üçüncü mərhələsinin baş tutacağı Yaponiyadan qısa müddətdə avadanlıq və bolidləri Avropaya – xüsusilə də Fars körfəzi ölkələrindəki nəqliyyat hablarını yan keçərək çatdırmaq olduqca bahalı və mürəkkəb proses sayılır.

Bunun əvəzinə Formula 1-də Yaponiya Qran Prisinin keçiriləcəyi Suzuka trasında ardıcıl iki mərhələnin təşkili variantı müzakirə olunur. Yəni əvvəlcə planlaşdırılmış tarixdə Yaponiya Qran Prisi, bir həftə sonra isə eyni trasda daha bir yarış keçirilə bilər.

Belə praktika artıq 2020-ci ildə pandemiya dövründə tətbiq olunmuşdu – o zaman Red Bull Rinq (Şpilberq) və Silverstoun trasları ardıcıl iki yarışa ev sahibliyi etmişdi.

Əgər bu ssenari reallaşsa, 2026-cı ilin aprelində əvvəl planlaşdırılan iki mərhələ əvəzinə bir məkan üzrə iki yarış keçiriləcək və bundan sonra komandaların avadanlıq və bolidləri Yaponiyadan Mayamiyə çatdırması üçün üç həftədən çox vaxtı olacaq.

Rauf Hacıyev

Şərh əlavə et