Xəbəri Kokpitdə Oxuyun!

D.Kulthard: Çox ötmə vacib deyil

Sabiq Formula 1 sürücüsü Devid Kulthard müasir F1-də şou və ötmələrin sayının artırılması ilə bağlı yanaşmanı tənqid edib. Onun fikrincə, yarışın maraqlı olması üçün çoxsaylı ötmələr vacib deyil.

Kokpit.az xatırladır ki, son illərdə DRS-nin hesabına ötmələr xeyli artıb.

Devid Kulthard: “Əgər ən sürətli maşın sıralanma turunda birinci olursa, niyə yarışda kiminsə onu mütləq keçəcəyini gözləyirik? Formula 1-də həmişə ən sürətlilər öndə, ən zəiflər arxada olur. Yarış başlayır və ən yavaş sürücü heç vaxt birdən-birə önə çıxıb qalib gəlmir.

Gəlin bu idmanın tarixini xatırlayaq. Burada əsas məsələ ən sürətli olmaqdır. Sürücü kimi mən həmişə poul qazanmaq istəyirdim. Xüsusilə Monakoda əgər birinci döngədə lider idimsə, bu, uğurun 90 faizi demək idi.

Futbolda komandan 1:0 qalib gəlirsə, deyirsən ki, yaxşı oyun oldu. Məsələ hadisələrin sayında deyil”.

O, yadda qalan məqamların çoxlu ötmələr deyil, xüsusi anlar olduğunu vurğulayıb. Məsələn:
• Naycel Mənsellin 1988-ci ildə Meksikada Gerhard Bergerə xarici trayektoriya ilə etdiyi möhtəşəm ötmə;
• Ayrton Sennanın Monakoda sıralanma turunda Alen Prostdan bir saniyə sürətli dövrə vurması.

Kulthardın fikrincə, Formula 1-in cazibəsi məhz belə unudulmaz performanslarda və sürətin saf nümayişindədir, statistik olaraq çoxlu ötmələrdə yox.

Rauf Hacıyev

Şərh əlavə et