Xəbəri Kokpitdə Oxuyun!

B.Ekklstoun: Xaotik mövsüm olacaq

Berni Ekklstoun RTL-ə verdiyi müsahibədə qarşıdan gələn mövsüm və yeni reqlamentlə bağlı gözləntilərini bölüşüb.

Kokpit.az xatırladır ki, yeni mövsümdən etibarən Formula 1-də texniki reqlamebt tamamilə yenilənib və əksər sürücülər bu yeniliklərdən narazıdırlar.

Berni Ekklstoun: “Mövsümün əvvəlində xaos, qarışıqlıq baş verəcək, çünki hamı Formula 1-i yenidən öyrənməli olacaq.

Yeni qaydalar, əlbəttə, Maks Ferstappenə və onun pilotaj üslubuna çox da uyğun deyil. Söhbət təkcə yarışlardan getmir. İnkişaf sürücülər üçün getdikcə daha çox məhdudiyyətlər istiqamətində gedir, amma Formula 1-in mühəndislər üçün yox, pilotlar üçün dünya çempionatıdır. Müasir Formula 1 artıq daha çox Formula E ilə rəqabət aparır. Azarkeşləri itirmək təhlükısi var. Ümid edirəm ki, bu baş verməyəcək.

Mercedes-AMG komandası üstünlüyə malikdir. Corc Rasseldə istedad var, ancaq çempion olmaq üçün mövsüm ərzində “qatil instinkti” göstərməlidir.

Mercedes mühərrikli komandaların bu il yaxşı şansları var, ancaq ümid edirəm ki, Scuderia Ferrari də sözünü deyə biləcək. Ferrari çempion olsa, Formula 1 qalib çıxacaq. Görürəm ki, Lyuis təslim olmur, məqsədinə çatmadan dayanmaq istəmir. Bəlkə də bu il hər şey alınacaq. Bu, əla hekayə olardı!

Hesab edirəm ki, Audi F1 Team-in Formula 1-də uğurlu ilk il üçün bütün komponentləri var. Orta qrup komandalarının bolidləri sürət baxımından bir-birinə çox yaxındır və Audi-nin bu mübarizədə şansı var. Əminəm ki, Qabriel Bortoleto Niko Hülkenberq üçün ciddi təhdid olacaq, çünki gənc braziliyalı çox sürətlidir və bir gün çempion ola bilər”.

Rauf Hacıyev

Şərh əlavə et