Xəbəri Kokpitdə Oxuyun!

T.Volff Domenikaliyə ümid edir

Bu gün Bəhreyndə Formula 1-in güc qurğuları üzrə məsləhət komitəsi toplaşaraq, 1 martda baş tutacaq mühərriklərin homologasiyası ərəfəsində sıxılma dərəcəsinin ölçülməsi qaydasında mümkün dəyişiklikləri müzakirə edəcək.

Hazırkı reqlamentə əsasən sıxılma dərəcəsi ətraf mühit temperaturunda ölçülür. Lakin digər istehsalçılar – Ferrari, Audi, Honda və Red Bull Powertrains şübhə edirlər ki, Mercedes HPP mühərriki isti vəziyyətdə 16:1 deyil, 18:1 nisbət təmin edir və metodikanın dəyişdirilməsində israr edirlər.

Qaydanın dəyişdirilməsi üçün “superçoxluq” tələb olunur. Belə ki, beş istehsalçıdan dördünün yekdil mövqeyi, eləcə də FIA və Formula 1-in rəhbərliyinin razılığı lazımdır.

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, FIA-nın prezidenti Məhəmməd Ben Sulayem artıq ona dəstəyini ifadə edib və ümid edir ki, Stefano Domenikali Mercedes-ə qarşı mümkün “sövdələşmənin” qarşısını almağa kömək edəcək.

Toto Volff deyib: “Belə bir hiss yaranır ki, idmanımızda bəzi insanlar rəsmi şəkildə bunu demədən, Formula 1-də eyni maşınların çıxış etməsini istəyirlər. Amma bu artıq mühəndis zəkasına və maraqlı həllərə ehtiyac olmadığı deməkdir, qaydaları isə istənilən vaxt dəyişmək olar. Bu onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir.

Formula 1-in mahiyyəti yüksək nəticə əldə etmək, ən yaxşı mühəndisləri və ən yaxşı mütəxəssisləri cəlb etmək və onlara qaydalar çərçivəsində azadlıq verməkdir. Bəzən bu sizin xeyrinizə işləyir, bəzən isə əleyhinizə. Ancaq inanıram ki, Formula 1-in prezidenti Stefano Domenikali ümumi mənzərəni görür və onun mövqeyi manipulyasiyaların qarşısını almağa imkan verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et