Xəbəri Kokpitdə Oxuyun!

K.Santi Həmiltonun müvəqqəti mühəndisidir

Rikkardo Adaminin gedişindən sonra 2026-cı ildə Lyuis Həmiltonun əsas yarış mühəndisi vəzifəsini mövsümün gedişində McLaren-dən Ferrari-yə keçməsi gözlənilən Sedrik Mişel-Qrojan icra edəcək. Lakin ilk yarışlarda yeddiqat dünya çempionunun müvəqqəti yarış mühəndisi Karlo Santi olacaq. Bəs onun təcrübəsi nədir?

Karlo Santi 1974-cü ildə İtaliyanın Verona şəhərində anadan olub. O, Milan Politexnik Universitetində maşınqayırma ixtisası üzrə təhsil alıb və yerüstü nəqliyyat vasitələri üzrə ixtisaslaşıb. Təhsilini başa vurduqdan sonra Turində Fiat-ın tədqiqat mərkəzində işə başlayıb və məhz orada Ferrari-nin diqqətini çəkib.

Santi beş il avtomobil dinamikası şöbəsində çalışdıqdan sonra Ferrari-nin avtoidman proqramlarına cavabdeh bölməsinə keçib. O, dözümlülük yarışlarında çıxış edən komandaya performans mühəndisi kimi qoşulub.

Daha sonra Santi Formula 1 komandasına keçərək simulyator üzrə məsul şəxs olub. Uzun müddət mediadan uzaq qalıb və yalnız 2007-ci ildə Kimi Rəykkönenin performans mühəndisi olduqdan sonra geniş ictimaiyyətə tanınıb.

2016 və 2017-ci illərdə də eyni vəzifəni icra edib, 2018-ci ildə isə Deyv Qrindvudu əvəz edərək Rəykkönenin yarış mühəndisi təyin olunub. Fin pilot Ferrari-dən ayrıldıqdan sonra Santi yarışlara getməyi dayandırsa da, komandada qalıb. Uik-endlər zamanı Maranellodakı “uzaq bokslarda” çalışaraq trasdakı briqadaya dəstək verib.

Beləliklə, 2026-cı ildə Karlo Santi müvəqqəti də olsa, komanda körpüsünə qayıdır və Lyuis Həmiltonun yarış mühəndisi kimi fəaliyyət göstərəcək. Təcrübəsi və Ferrari daxilindəki uzunmüddətli fəaliyyəti nəzərə alınsa, bu keçid dövründə komanda üçün sabitlik elementi rolunu oynayacaq.

Rauf Hacıyev

Şərh əlavə et