Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Gedək FE-də yarışaq

Red Bull komandasının Maks Ferstappen yeni nəsil Formula 1 maşınlarını kəskin tənqid edib. Dördqat dünya çempionu onları hətta Formula E ilə müqayisə edərək bildirib ki, Red Bull-un RB22 modelini sürmək ona zövq vermir.

Kokpit.az xatırladır ki, bu ildən etibarən Formula 1-də reqlament dəyişir və güc qurğularında daxiliyanma mühərriklə elektrik motorların güc nisnəti 50/50 nisbətində olacaq.

Maks Ferstappen: “Düzünü desəm, bu maşınları sürmək heç də əyləncəli deyil. Onları təsvir etmək üçün ən uyğun söz – onlarla birtəhər baş çıxarmaqdır. Yeni maşınlar Formula 1-ə o qədər də bənzəmir. Daha çox steroid qəbul etmiş Formula E-yə bənzəyir. Amma qaydalar hamı üçün eynidir, ona görə də mövcud vəziyyətlə işləməliyik.

Mən pilotam və tam sürətlə sürməyi sevirəm. Ancaq indi belə sürmək mümkün deyil. Pilotun etdiyi əksər hərəkətlər enerji balansına ciddi təsir edir. Mənim üçün bu, artıq Formula 1 deyil. Bəlkə onda Formula E maşınlarına keçək? Çünki orada hər şey enerji, effektivlik və onun idarə olunmasına bağlıdır.

Maşında enerji çatışmazlığı var. Mən normal şəkildə sürmək istəyirəm, yoxsa hər döngədə daha tez əyləcləyim, güclü əyləcləyim, ötürməni dəyişdirim ya yox – bunları düşünməməliyəm. Bütün bunlar düzlüklərdə sürətə ciddi təsir edir.

Üstəlik, bu konfiqurasiyada təkərlərin ilişməsi  kifayət qədər aşağıdır. Bu, əvvəlki dövrlə müqayisədə geriyə böyük addımdır.

Açığını desəm, maşının dalğalanması yaxşı görünür və problem bunda deyil. Lakin qalan hər şey, məncə, yarış ruhuna ziddir. Ola bilsin, dediklərim kimlərinsə xoşuna gəlməyəcək. Amma mən fikrimi açıq deyirəm. Öz maşınım barədə düşündüyümü niyə deməməliyəm? Axı reqlamenti mən yazmamışam. Məncə, reqlamentin hazırlanmasında siyasi məqamlar olmasaydı, maşınlar tamamilə fərqli görünərdi”.

Ferstappen əlavə edib ki, bu qədər açıq danışmaq onun üçün asan deyil, çünki Red Bull Powertrains mühərrik layihəsinə böyük əmək və resurs yatırıb: “Digər tərəfdən, pərdə arxasında nə qədər böyük iş görüldüyünü bilirəm, xüsusilə mühərriklə bağlı. Buna görə belə danışmaq mənim üçün xoş deyil. Amma pilot kimi hisslərim barədə obyektiv olmalıyam. Komandamız üçün nə qədər böyük risklərin olduğunu bilirəm – mühərrik və onu yaradan insanların həyəcanı. Sükan arxasına keçəndə yenə də maksimumumu verirəm və onlar bunu bilirlər. Sadəcə, bu maşını sürmək əvvəlki qədər maraqlı deyil”.

Rauf Hacıyev

Şərh əlavə et