Təbii ki, mövsümə hazırlığın bu mərhələsində komandalar əsasən məsafə toplamaqla, yeni nəsil bolidlərin etibarlılığını yoxlamaqla məşğuldur. Təmiz sürət hələ prioritet deyil, əsas iş uzun seriyalar və böyük yanacaq yükü ilə aparılır. Testlər zamanı Frederik Vassyör də bunu təsdiqləmişdi.
Bununla belə, hazırda məhz Ferrarinin yarış tempində müəyyən üstünlüyə malik olduğu görünür. Ekspertlər buna artıq cümə axşamı diqqət çəkmişdilər. Həmilton yarış simulyasiyası zamanı rəqiblərdən daha stabil görünürdü. Son test günündə isə o, daha da sürətlənib. Qismən buna tras örtüyünün yaxşılaşması və asfaltın işlənmiş kauçuk qatının artması təsir edib.
Sky Sports-un Bəhreyndə çalışan reportyorları hesab edirlər ki, yarış konfiqurasiyasında SF-26 digər top-komandaların maşınlarından daha effektiv işləyir. Ən azından hazırkı təəssürat belədir.
Britaniyalı jurnalist Ted Krevits belə deyib: “Testlərin ikinci günündə Ferrari-yə yeni altlıq, yenilənmiş ön qanad və modernləşdirilmiş diffuzor quraşdırıldı. Bundan sonra yarış simulyasiyasında hamıdan sürətli oldular. Faktiki olaraq Bəhreyndə ən yaxşı tempi onlar göstərdilər. Bunu əminliklə demək olar.
Lyuisin yarış tempi Şarlınkından daha yaxşıdır, lakin bu, daha qalın kauçuk qatı olan trasda baş verdi, baxmayaraq ki, onlar günün təxminən eyni vaxtında işləyirdilər. Maraqlıdır ki, ilk test günündə Həmilton ilişmənin (grip) çox aşağı olmasından şikayətlənirdi və bunu GP2 və ya F2 seriyalarının maşınları ilə müqayisə edirdi. Bu məni təəccübləndirmişdi, ancaq Ferrari yeniliklər paketini quraşdırdıqdan sonra vəziyyət dəyişdi”.




Şərh əlavə et