Pirelli Bəhreyndə keçirilən testlərin nəticələrindən razı qalıb. Təkərlər böyük məsafə qət etməyə imkan verib, isti havaya baxmayaraq demək olar ki, qızmayıb və uzun müddət effektivliyini qoruyub saxlayıb.
Mario İzola, Pirelli-nin avtoidman üzrə direktoru: “Bəhreyndə ilk üç test günü, eləcə də Barselonadakı test həftəsi göstərdi ki, ötən il 2025-ci il maşınları ilə apardığımız testlərin nəticələri kifayət qədər reprezentativ olub.
Təkərlərin işi gözləntilərə uyğundur, sürücülər onlardan razıdır. Yeni təkərlər yaxşı mexaniki möhkəmliyə malikdir, onların üzərində mikroçatların izi daha az görünür. Bunu son günlərdə bir daha təsdiqlədik. Görünən odur ki, şinlər həddindən artıq qızmır.
Aydındır ki, sürücülər hələ gücün paylanması sisteminə uyğunlaşırlar. Təkərlərdəki sürüşmə izlərinə əsasən demək olar ki, onlar döngələri keçmə üsulunu dəyişiblər. Döngədən çıxışda fərqli güc paylanmasına görə arxa ox sürüşməyə başlayır ki, bu da təkərin səth temperaturunun artmasına və az da olsa ilişmə itkisinə səbəb olur.
Gələn həftə komandaların sürət üzərində işləməyə başlayacağını gözləyirik, lakin bütün potensiallarını açmayacaqlar. Son günlərdə keçirdiyimiz yarış simulyasiyaları ilə birlikdə bu, mövsümün əvvəlində bizi nəyin gözlədiyini daha aydın anlamağa imkan verəcək. Bu da Mayami mərhələsindən başlayaraq yarışlar üçün təkər seçimini korrektəyə kömək edəcək, çünki həmin mərhələ üçün təkərlər hələ göndərilməyib”.




Şərh əlavə et