Mercedes-də bu qənaətə təkcə bir sürətli dövrənin nəticələrinə əsasən yox, uzun seriyaların GPS analizinə əsaslanaraq gəlinib. Saxir trasının düzlük hissələrində Red Bull-un bolidi Mercedes-dən xeyli sürətli olub.
Toto Volff çərşənbə günü mətbuatla söhbətində bildirib: “Onlar düzlükdə digərlərindən daha çox enerji istifadə edə bilirlər. Söhbət uzun seriyalarda təxminən bir saniyəlik üstünlükdən gedir”.
Avstriyalı rəhbər əlavə edib ki, hazırda Mercedes batareyanın enerjisini Red Bull qədər effektiv idarə edə bilmir, xüsusilə də bir neçə dövrə ardıcıl temp saxlayarkən. Ekspertlərin fikrincə, yeni mövsümdə nəticələr böyük ölçüdə komandaların güc qurğusunun elektrik hissəsində enerjidən nə dərəcədə rasional istifadə edə bilməsindən asılı olacaq.
Volff davam edib: “Onların bir dövrədə enerjidən nə qədər effektiv istifadə etdiyini artıq görmüşdük, amma indi bunu on dövrə ardıcıl gördük. Bu, rəsmi testlərin cəmi ilk günüdür, ancaq müəyyən qeyd-şərtlə onları artıq hamı üçün meyar adlandırmaq olar.
Ümid edirdim ki, Red Bull-un forması göründüyündən zəifdir, lakin etiraf etməliyik ki, yaxşı iş görüblər. Onların maşını və güc qurğusu hazırda hamı üçün meyardır. Sükan arxasında isə Maks Ferstappen var və bu, çox güclü kombinasiyadır”.




Şərh əlavə et