Bundan əlavə, Ferrari avtomobilin interfeysinin əsas elementlərini də nümayiş etdirib. Dizayn üzərində Coni Ayv və Mark Nyusonun LoveFrom studiyası çalışır, ilkin konsepsiya isə Ferrari dizaynerləri tərəfindən Flavio Manzoninin rəhbərliyi altında hazırlanıb.
Bildirilir ki, avtomobilin aparat və proqram təminatı paralel şəkildə hazırlanıb ki, fiziki arxitektura ilə proqram təminatı arasında maksimum ahəng təmin olunsun. Ferrari həmçinin vurğulayır ki, interyerin yaradılmasında sensor panellərdən çox, fiziki idarəetmə elementlərinə üstünlük verilib.

Ferrari Luce-un sükanı üçşüalı formadadır və 1950–1960-cı illərdə istifadə olunan Nardi sükanından ilham alıb. Sükan unikal alüminium ərintisindən hazırlanıb, 19 hissədən ibarətdir və standart Ferrari sükanından 400 qram daha yüngüldür.
Ferrari Luce-un salonunda üç displey yerləşəcək: sürücü üçün alətlər paneli və iki idarəetmə paneli. Yaradıcıların sözlərinə görə, göstəricilərin qrafik dizaynı ötən əsrin ortalarına aid cihazlardan ilhamlanıb və lakonik görünüşü ilə seçilir.

Daha əvvəl Ferrari avtomobilin bir sıra texniki detallarını da açıqlayıb. Elektromobil dörd elektrik mühərriki ilə təchiz olunacaq — hər oxda iki mühərrik yerləşdiriləcək. Güc qurğusunun maksimal qüvvəsi 1000 at gücünü keçəcək. Gözlənilir ki, avtomobil 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə çatacaq, maksimal sürəti isə 310 km/saat olacaq.




Şərh əlavə et