Testlərin cədvəli və onları necə izləmək mümkün olduğu barədə artıq məlumat vermişdik, lakin bu günlərdə təsadüfən Bəhreyndə olanlar üçün daha bir imkan da mövcuddur. Belə ki, yeni nəsil bolidləri birbaşa avtodromun tribunalarından izləmək və mühərriklərin səsini canlı dinləmək mümkün olacaq. Təbii ki, bu fürsət daha çox yerli azarkeşlər üçün nəzərdə tutulub.
Lakin bir məqam var: tamaşaçılar Bahrain International Circuit-ə testlərin ilk günü deyil, 12 və 13 fevralda, həmçinin 19 və 20 fevralda buraxılacaq. Hər gün üçün biletin qiyməti 10 Bəhreyn dinarıdır, bu da hazırkı məzənnə ilə təxminən 26 dollar 50 sentə bərabərdir.
Artıq 12 aprelə planlaşdırılan Bəhreyn Qran Prisinə bilet almış azarkeşlər isə mövsümöncəsi testlərin ikinci seriyasını – yəni 19–20 fevral tarixlərindəki teatləri pulsuz izləyə biləcəklər. Ancaq burada da xüsusi şərt var: bu imkan yarış biletlərini ötən ilin 8 sentyabrına qədər, erkən satış kampaniyası çərçivəsində əldə etmiş azarkeşlərə şamil olunur.
Ümumi satış statistikası qarşıdakı Bəhreyn Qran Prisinə marağın kifayət qədər yüksək olduğunu göstərir. Fevralın əvvəlində avtodrom rəhbərliyi əsas tribuna və 1-ci döngədə yerləşən tribuna üzrə yerlərin 95 faizinin artıq satıldığını açıqlayıb. 2-ci və 3-cü döngələrin yaxınlığında yerləşən və “Universitet” adlanan üç tribunada bir həftə əvvəl 15 faiz boş yer qalıbmış, hazırda bu göstərici daha da azalıb. Qalan iki tribuna kompleksində isə 1 fevral tarixinə olan məlumata görə biletlərin 70–80 faizi satılıb.
Həftə üçün hava proqnozu avtodrom ətrafında buludlu hava vəd edir, lakin cümə gününə doğru səmanın açılacağı gözlənilir. Gün ərzində temperaturun 28–29 dərəcə civarında olacağı proqnozlaşdırılır ki, bu da yerli şərait üçün elə də isti sayılmır.




Şərh əlavə et