Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl: Senna və Şumaxer yeni maşınları sevərdilər

Formula 1-in sabiq pilotu və Sky Sport F1 şərhçisi Martin Brandl hesab edir ki, 2026-cı il reqlamenti üzrə hazırlanan maşınlar Ayrton Senna və Mixael Şumaxerin də xoşuna gələrdi…

Kokpit.az xatırladır ki, bu ildən etibarən Formula 1-də tamamilə yeni texniki reqlament tətbiq olunacaq.

Martin Brandl: “Bütün dövrlərdə pilotlar maşında nəyəsə nəzarət etməli, nəyisə qoruyub saxlamalı olublar. Uzun müddət maksimum sürətlə hərəkət edəndə müəyyən aqreqatlara diqqət yetirmək lazım olur.

Bu, Moss və Fanxionun, Stüart və Qrehem Hillin dövründə də belə olub. O vaxtlar ötürmələr qutusu və ötürücü mexanizm, kardan və asqı sistemi qorunurdu. Biz həmişə nəyisə qoruyurduq. Hətta turbo mühərriklərin olduğu qorxunc sürətli 80-ci illərdə belə 220 litr yanacaq limiti var idi və finişə çatmaq üçün tez-tez maşını “boş axınla” aparırdıq. Son illərdə isə pilotlar təkərləri qorumağa məcbur olurlar.

Amma ən yaxşı pilotlar… Mən doğrudan da düşünürəm ki, bu maşınlar Ayrtonun da, Mixaelin də  xoşuna gələrdi, çünki onlar mübarizədə mövcud olan bütün alətlərdən istifadə etməyi bacarırdılar. Məhz bütün alətlərdən yararlananlar maşından maksimumu çıxara bilirdi.

İndi ötürücü mexanizmi və əyləcləri qorumaq əvəzinə pilotlara batareya enerjisini qənaətlə və optimal şəkildə istifadə etmək lazım olacaq. Qalan məsələlərdə isə maşınlar demək olar ki, “məğlubedilməzdir”.

Mən bir qədər ötmələrin sayının çox olmasından narahatam. Yarışda dörd-beş möhtəşəm ötmə görəndə bu çox gözəldir və uzun illər də belə olub. Biz ötmələrin sayının basketbol matçının hesabını xatırlatmasını istəmirəm. Lakin şəxsən mən Formula 1 öz mahiyyətini itirdiyini düşünmürəm”.

Rauf Hacıyev

Şərh əlavə et