Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: Rikkardo çempion ola bilərdi

Formula 1-də keçirdiyi 14 mövsüm ərzində Daniel Rikkardo 8 qələbə qazanıb və onlardan yeddisini Red Bull Racing maşınları ilə əldə edib.

Kokpit.az avstraliyalı sürücü 2014 və 2016-cı illərdə dünya çempionatını üçüncü pillədə başa vurub və bu nəticələr onun karyerasındakı ən yüksək nailiyyətlər olaraq qalır.

Lakin Maks Ferstappenin ulduzu parladıqca və Red Bull-un əsas diqqəti niderlandlı sürücüyə yönəltdiyi aydınlaşdıqca, Rikkardo zavod komandası Renault-ya keçmək qərarı verib. Bununla belə, o, burada cəmi bir neçə mövsüm qalıb, daha sonra McLaren-ə qoşulub və 2022-ci ilin sonunda öz istəyi xaricində bu komanda ilə yolları ayrılıb. Komanda rəhbərliyi onu başqa bir avstraliyalı ilə əvəzləmək qərarı verib və Danielin yerini gənc və perspektivli Oskar Piastri tutub.

Bundan sonra baş verənlər yaxın tarixdir və hamının yadındadır. İndi görünür ki, Rikkardo karyerasını tamamilə başa vurub. Onun digər yarış seriyalarında özünü sınamaq istəyib-istəməyəcəyini zaman göstərəcək, lakin hazırda belə planları yoxdur və diqqətini biznes layihələrinə yönəldib.

Kristian Hornerin sözlərinə görə, Daniel ən yaxşı formasında olanda Red Bull Racing-in ixtiyarında həmişə ən güclü maşınlar olmayıb, halbuki başqa şəraitdə o, dünya çempionluğu uğrunda mübarizə apara bilərdi.

“Daniel sadəcə möhtəşəm insandır,” – Red Bull Racing-in sabiq rəhbəri Avstraliyada məşhur aparıcı Kristian O’Konnellin radio şousunda iştirak edərkən deyib. – “O, otağa daxil olan kimi hər yer işıqlanır. Çox parlaq şəxsiyyətdir, ürəyi təmizdir. Çox emosional insandır və bizim aramızda dərhal yaxşı münasibət yaranmışdı.

O, həm də çox güclü sürücüdür, amma təəssüf ki, ən yaxşı dövründə bizim maşın çempionatluq üçün rəqabət aparacaq səviyyədə deyildi. Məncə, əgər o vaxt belə bir maşını olsaydı, Rikkardo dünya çempionu ola bilərdi. Düşünürəm ki, Formula 1 indi onun yoxluğunu hiss edir”.

Xatırladaq ki, Daniel Rikkardo 2017-ci ildə mövsümün yekununa görə Maks Ferstappeni qabaqlaya bilən yeganə sürücü olaraq qalır – həmin vaxt Maksın cəmi 20 yaşı var idi.

Gilanur Huseynova

Şərh əlavə et