Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Motorumuz leqaldır

Mercedes-in rəhbəri Toto Volff yeni bolidin təqdimatından sonra mətbuatla ünsiyyətdə olarkən son həftələrdə fəal müzakirə olunan mövzu barədə suala məruz qalıb.

Rəqiblər Mercedes və Red Bull komandalarından ciddi narazılıq ifadə ediblər, çünki onlar güc qurğuları ilə bağlı reqlamentin bir sıra müddəalarını özlərinə uyğun şərh edərək sıxılma dərəcəsini 18:1 səviyyəsinə qədər yüksəldə biliblər. Halbuki icazə verilən maksimum hədd 16:1 olaraq müəyyənləşdirilib.

Bu üstünlüyün necə əldə edildiyi barədə artıq dəfələrlə məlumat verilib, lakin Volff hesab edir ki, bəzi komandalar sadəcə mövsümə zəif hazırlaşmalarına bəhanə axtarırlar.

Toto Volff: “Sadəcə başa düşmürəm ki, bəzi komandalar niyə digərlərinə bu qədər diqqət ayırır və mübahisəni davam etdirir, halbuki bu məsələ tam aydın və şəffafdır. FIA ilə bütün mövzularda, o cümlədən sıxılma dərəcəsi ilə bağlı müsbət və açıq informasiya mübadiləsi aparılıb.

Reqlamentdə bu sahə ilə bağlı hər şey olduqca dəqiq göstərilib. Orada mühərriklər üçün mövcud olan standart prosedurlar açıq şəkildə qeyd edilib və bu, təkcə Formula 1-ə aid deyil.

Ola bilsin, hamımız fərqli düşünürük. Bəlkə də kimlərsə mövsüm başlamamışdan əvvəl işləri yaxşı getmədiyi halda özlərinə bəhanə hazırlamaq istəyir. Hamı əlindən gələni etməlidir, lakin biz rəqiblərin etdiyi kimi davranmazdıq. Xüsusilə də komandamız bir neçə dəfə hər şeyin qaydasında olduğu barədə təsdiq alıbsa.

Bizim mühərriklər tamamilə legaldır, reqlamentə uyğundur. Ancaq kimsə diqqət yayındıran mövzularla məşğul olub əylənmək istəyirsə, buyursun, bu onların hüququdur”.

Daha sonra Volf rəqiblərə ünvanlanan bir qədər sərt məzmunlu fikirlərini davam etdirib: “Onlar gizli iclaslar keçirirlər, FIA-ya məxfi məktublar yazır və mövcud olmayan test üsulları uydurmağa çalışırlar. Mən isə yalnız bir şey deyə bilərəm. Biz mümkün qədər az diqqət yayınmasına çalışırıq. Bu da o deməkdir ki, başqalarına yox, öz işimizə fokuslanmalıyıq.

Bizim güc qurğumuz reqlamentdə yazılanlara tam uyğundur, bütün yoxlama metodikalarından keçib. Etirazların olub-olmayacağını isə mən deyə bilmərəm.

Bizim mövqeyimiz aydındır və FIA-nın mövqeyi ilə üst-üstə düşür. Federasiyanın prezidenti də bu vəziyyətdən xəbərdardır. Qalanını zaman göstərəcək, amma biz öz mövqeyimizə əminik”.

Rauf Hacıyev

Şərh əlavə et