Xəbəri Kokpitdə Oxuyun!

Mercedes təqdimatla 2026-cı il mövsümünə start verib

Mercedes komandasının rəhbəri Toto Volf bu gün Formula 1 tarixində yeni eranın başlanmasına həsr olunan təqdimatda həm növbəti nəsil bolidə keçiddən, həm Barselonada keçirilən son testlərdən danışıb, həm də pilotlarını tərifləyib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” daha əvvəl W17-nin rəng çalarını təqdim etmişdilər. Bolid Barselonada keçirilən testlərdə ictimaiyyət tərəfindən görülüb. Lakin almanlar yenə də sponsorların da iştirak etdiyi təqdimat tədbiri ediblər.

Toto Volf: “Yeni maşınımıza baxanda əvvəlki nəsil bolidlə fərq aydın görünür: W17 daha kompakt, çevik və dinamik olub. Yeri gəlmişkən, bu il maşının dizaynını yaradarkən də kifayət qədər təsirli nəticə əldə etmişik.

Barselona testlərində yeni maşınların trasda ilk dəfə necə işlədiyini gördük və indi çox maraqlıdır ki, Formula 1 komandaları həm yeni şassilərə, həm də yeni güc qurğularına keçdikdən sonra mövsüm necə inkişaf edəcək.

Ötən həftə əsas məqsəd bolidin etibarlılığını yoxlamaq oldu və ən vacibi məsafə qət etmək idi. Bunun üçün isə bütün sistemlərin düzgün işləməsi lazım idi. Bizdə bir sıra yeniliklər var idi və şassinin güc qurğusu ilə nə dərəcədə keyfiyyətli inteqrasiya edildiyini yoxladıq, eyni zamanda optimal sazlamaları axtardıq və bütün bu işlər uğurla yerinə yetirildi.

Qalan məqamlar üzrə testlərin nəticələrini şərh etmək çətindir, çünki hələlik rəqiblərimizin sürət üzərində işlədiyini görməmişik, ona görə də qüvvələr balansı barədə dəqiq təsəvvürümüz yoxdur.

Düşünürəm ki, yeni texniki reqlamentə keçid Formula 1-in populyarlığının artmasına kömək edib, çünki yarışlar yeni ölçü qazanıb. Strateji komponent yaranıb və mürəkkəblik baxımından onu şahmatla müqayisə etmək olar. Pilotlar ötmələr və digər taktiki oyunlar üçün maksimum gücü nə vaxt istifadə edəcəklərinə özləri qərar verəcəklər və məncə, bütün bunlar gənc auditoriyanı maraqlandıracaq.

Yarışlar daha çox kompüter oyunlarını xatırladacaq, ancaq idman tərəfi qətiyyən zərər görməyəcək. Həmişə olduğu kimi, qələbə ən yaxşı maşında çıxış edən ən yaxşı pilotun olub.

Corc Rassell, Kimi Antonelli və ehtiyat pilot Frederik Vesti Mercedes proqramının pilotlarından tələb olunan bütün keyfiyyətlərə sahibdirlər.

Corc getdikcə ən hazırlıqlı və etibarlı peşəkarlardan birinə çevrilib, həm sürət baxımından, həm intellektual səviyyədə, həm də liderlik keyfiyyətləri ilə çox yüksək standartlar müəyyənləşdirib.

Kimi isə öyrənməyə olan istəyi ilə birlikdə istedadın və cəsarətin təcəssümüdür. Məhz buna görə də onun peşəkar inkişaf prosesi daha sürətlə gedib.

Fred isə üçüncü pilot rolunda davamlılığı təmin edib, bu da çox vacibdir, eyni zamanda texniki məsələlərin həllində iştirak edib. Bu işlər səhnə arxasında aparılıb və komandanı daha güclü edib.

Hər üçü gənclər proqramımızın məzunlarıdır və onların peşəkarlığı ən yüksək qiymətə layiqdir. Onlar bir-birlərini həm irəli aparır, həm də dəstəkləyirlər və bu əməkdaşlıq Formula 1-in yeni eraya daxil olduğu bir vaxtda komandanın inkişafına töhfə verən mühüm gücə çevrilib”.

Rauf Hacıyev

Şərh əlavə et