Red Bull Racing-in keçmiş rəhbəri bildirib ki, Formula 1 üçün darıxır, çünki orada yarımçıq qalmış işləri var, lakin dünya çempionatına qayıtmağa tələsmir.
Keçən həftə Alpine F1-də təsdiqlənib ki, komandanın səhmlərini almaq istəyən potensial investorlar arasında Horner də var.
“Formula 1-də mənim yarımçıq qalmış işlərim olduğunu hiss edirəm və hər şey istədiyim kimi bitməyib”, – The Guardian ondan belə sitat gətirib. – “Amma mən hər variant üçün qayıtmayacağam – bu, yalnız qələbələr uğrunda mübarizə aparmaq imkanı olarsa baş verəcək. Mənim üçün orada konkret bir iş olmayacaqsa, paddoka qayıtmaq istəmirəm.
Formula 1, ordakı insanlar, yaratdığım komanda üçün darıxmışam. Bu idmanda 21 inanılmaz il keçirmişəm, böyük uğurlar əldə etmişik, çoxlu yarışlar və çempionatlar qazanmışıq, möhtəşəm sürücülər, mühəndislər və biznes tərəfdaşları ilə çalışmışam.
Qayıtmaq məcburiyyətində deyiləm, istəsəm karyeramı indi də bitirə bilərəm. Ümumiyyətlə, yalnız qələbəyə can atan insanlarla işləmək üçün uyğun imkan yaranarsa qayıdacağam. Mən sadəcə işə götürülən əməkdaş yox, tərəfdaş olmaq istərdim, amma baxarıq, hər şey necə inkişaf edəcək. Tələsmirəm…”
London qəzeti yazıb ki, hazırda Otro Capital fonduna məxsus olan Alpine səhmlərinin 24%-nin alınması ilə bağlı danışıqlar aparan konsorsiuma məhz Horner rəhbərlik edib.
“8 iyulda Red Bull-dan ayrıldıqdan sonra indi ilk dəfə ictimaiyyət qarşısında çıxış edirəm”, – deyə Kristian davam edib. – “Mətbuata baxsaq, guya mən bütün Formula 1 komandaları ilə danışıqlar aparıram və görünür, insanlar mənim nə ilə məşğul olacağımı bilmək istəyirlər. Amma reallıq odur ki, yaza qədər onsuz da heç nə ilə məşğul ola bilmərəm. Adımın bütün bu komandalarla əlaqələndirilməsi mənim üçün çox xoşdur”.
O, Mercedes komandasının rəhbəri Toto Volff haqqında da bir neçə söz deyib, onunla münasibətləri çətin olub: “Ona böyük hörmətim var. Çox ağıllı insandır və çox böyük uğurlar qazanıb, sadəcə biz fərqli insanlarıq. Amma idman hamı bir-biri ilə dost olub sevgisini etiraf etsə, darıxdırıcı olar. Əsl rəqabət olmalıdır, maraq da onda yaranır. Ən pisi hamının bir-birinə həddindən artıq nəzakətli yanaşmasıdır”.




Şərh əlavə et