Silverstoun təmsilçisinin pilotları tras ərazisinə yalnız bu gün — 29 yanvar cümə axşamı gəlib və Fernando Alonso 2026-cı il mövsümü ilə bağlı ilk təəssüratlarını bölüşüb.
Aston Martin-də çətin vəziyyət
Williams yeni bolidin çəkisi ilə bağlı problemlərə görə yalnız Bəhreyndə trasda olacağı halda, Aston Martin tamam fərqli ssenari ilə üzləşib. Son günlər əldə edilən məlumata görə, bu mövsüm üçün Ədrian Nyuinin hazırladığı AMR26-nın hazırlanması və yığılması prosesində ciddi gecikmələr yaşanıb.
Komandanın bütün strukturları bazar ertəsindən trasda olsa da, bolid yalnız dünən axşam saatlarında Barselonaya çatdırılıb. Bundan sonra mühəndislər üçün zamana qarşı yarış başlayıb və pilotların heç olmasa bir neçə kilometr dövrə vurması üçün intensiv iş aparılıb. Ən böyük problemlərdən biri isə yeni Honda güc qurğusunun hələ işə salına bilməməsi olub.
Alonsonun mövsüm öncəsi açıqlamaları
Bu gün günorta saatlarında Fernando Alonso tras ərazisinə gələrkən ispanların Jugones la Sexta proqramının jurnalistləri tərəfindən saxlanılıb. İkiqat dünya çempionu Aston Martin-in testlərin dördüncü günü üçün planını təsdiqləyərək bolidin bir neçə dövrə vuracağını bildirib.
Fernando Alonso: “AMR26 barədə hisslərim? Sükan arxasına keçmədən heç nə deyə bilmərəm, hələlik yalnız həyəcan var”.
Azarkeşlərin səbirsizliklə gözlədiyi 33-cü qələbə barədə isə ispan pilot daha ehtiyatlı danışıb:
Fernando Alonso: “Əvvəlcə maşına minmək və gözləntiləri azaltmaq lazımdır. Əvvəl işləyək, sonra bəlkə… zaman göstərəcək. Hazırda isə qayıdıb yenidən dövrə vuracağıma sevinirəm”.
İkiqat Dünya Çempionu həmçinin ispan azarkeşlərə təşəkkür edib: “İspan azarkeşlər həmişə mənə çox mehriban olublar, artıq 23 ildir belədir və onlara hər zaman minnətdaram”.




Şərh əlavə et