Barselona yanvar testləri üçün ideal məkan sayılmasa da, Avropadakı bazalara yaxınlığı, tanış tras konfiqurasiyası və rahat qrafik bu seçimi əsaslandırıb.
Williams ilk testlərə ümumiyyətlə gəlməyib, Aston Martin yalnız son iki gün üçün qeydiyyatdan keçib, digər komandalar isə trasın quru olduğu saatları seçiblər.
Üçüncü gündə də hamını bezdirən “məxfilik rejimi” davam edib. Belə ki, mühafizəçilər azarkeşləri ətraf təpələrdən qovub, jurnalistlər məlumatları bloqerlərdən götürüb, bloqerlər isə jurnalistlərdən. Yenə də “Berninin dövründə belə şey yox idi” fikirləri səslənib, lakin bu, heç nəyi dəyişməyib. Formula 1 informasiya axınını hamı üçün bağlayıb. “Niyə?” sualına isə cavab verilməyib.
Testlərin üçüncü günü üç dəfə qırmızı bayraqlarla dayandırılıb. Əvvəlcə Niko Hülkenberq 10-cu döngədə maşını saxlayıb, daha sonra Oliver Berman ikinci döngədə dayanıb, axşam saatlarında isə mövsümün yeganə debütantı Arvid Lindblad da trasda qalıb.
McLaren günü o qədər də aktiv keçirməyib və öz proqramı üzrə işləyib. Mercedes, Alpine, Audi, Haas, Red Bull və Racing Bulls isə artıq icazə verilən üç gündən ikisini istifadə edib.
Günün yekun protokoluna Mercedes pilotları başçılıq ediblər. Ən yaxşı nəticəni Kimi Antonelli göstərib. O, dövrəni 1:17.382 vaxtla tamamlayıb.
McLaren, Ferrari, Cadillac və Aston Martin komandaları cümə axşamı və cümə günü testlərdə sərbəst iştirak edə biləcəklər. Sonda onların hansı planı seçəcəyi maraqla gözlənilir.
F1 2026 mövsümöncəsi testləri – Barselona, 3-cü gün
| Mövqe | Pilot | Ən sürətli dövrə | Dövrə sayı |
| 1 | Kimi Antonelli | 1:17.382 | 91 |
| 2 | Corc Rassell | 1:17.580 | 92 |
| 3 | Lando Norris | 1:18.725 | 62 |
| 4 | Franko Kolapinto | 1:19.150 | 56 |
| 5 | Oliver Berman | 1:19.314 | 42 |
| 6 | Arvid Lindblad | 1:19.420 | 111 |
| 7 | Pyer Qasli | 1:20.413 | 51 |
| 8 | Niko Hülkenberq | 1:21.010 | 60 |




Şərh əlavə et