Xəbəri Kokpitdə Oxuyun!

M.Həkkinen: Mən Şumaxerdən güclü idim

Formula 1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen High Performance podkastında əzəli rəqibi Mixael Şumaxerlə illər boyu davam edən mübarizəsini xatırlayıb.

Kokpit.az xatırladır ki, iki sürücü 1998-2000-ci illərdə çempionluq uğrunda sərt mübarizə aparmışdılar.

Mika Həkkinen: “Mən Mixaeli diqqətlə izləyirdim, onun trayektoriyalarını, pilotajını, sükanla işini öyrənirdim. Mənim fikrimcə, onda xüsusi bir şey yox idi. Düşünürəm ki, bir az da olsa mən daha yaxşı idim.

Fiziki baxımdan Mixael çox güclü idi və bu gücü idarəetmədə istifadə edirdi: təkərlərlə işləyərkən, asqını yükləyərkən. Bundan başqa onda istedad, düşüncə tərzi, balansı qoruma bacarığı və maşına inanılmaz nəzarət var idi.

O, mənə psixoloji təzyiq göstərməyə çalışırdı, amma bu işə yaramırdı. Müxtəlif üsullar sınayırdı, lakin mənim üçün bunun heç bir əhəmiyyəti yox idi. Mən McLaren komandasına, öz işçilərimizə və özümə o qədər güvənirdim ki, o, heç nəyi dəyişə bilmirdi.

Bizim mübarizəmizdə çoxlu parlaq anlar olub. Məsələn, 1990-cı ildə Makaoda Formula 3 yarışında toqquşmağımız. Mən birinci yürüşü qazanmışdım, o isə ikinci bitirmişdi. Orada iki yürüş olurdu və nəticələr cəmlənirdi.

Beləliklə, birinci yürüşü mən qazanmışdım. Mixael iki saniyə geridə finişə çatmışdı. İkinci yürüşdə isə o lider gedirdi, mən arxasınca çox yaxın gəlirdim və sonda qalib olacağımı bilirdim. Makaoda inanılmaz şəhər trası var və hər şey mümkündür. Son dövrədə o, sürətli döngələrdən birində inanılmaz dərəcədə axmaq bir səhvə yol verdi və bu mənə onu keçməyə imkan yaratdı.

Mən onu keçərkən o güzgüyə baxdı və sükanı bir az çevirdi. Mən onun arxa təkərinə toxundum, ancaq yoluma davam etdim. Buna əsəbləşə bilərdim, amma başa düşdüm ki, bu heç nəyi dəyişmir.

Mixael sərt rəqib idi. Onun rəqiblərlə problemləri olurdu. Hilllə, Vilnövlə, Kultardla. O, güzəşt bilməyən pilot idi, bəzən ədalətsiz də olurdu. Lakin onun hərəkətlərindən sonra qalmaqallar başlayanda mən öz-özümə düşünürdüm ki, bu oğlanı dəyişməliyəm.

Və bunu sözlə yox, onunla, rəhbərliyi ilə, komandası ilə və ya media ilə danışmaqla yox, işlə — trasda etməliyəm.

Düşünürəm ki, bu, onun mənə münasibətinə bir qədər təsir göstərib. Makaodakı hadisədən sonra mən onun fəlsəfəsini anladım, o da mənim buna necə reaksiya verdiyimi başa düşdü. Sonralar mübarizədə hər dəfə kiçik hiylələrdən istifadə edirdik, amma heç vaxt bir-birimizə toxunmurduq”.

Rauf Hacıyev

Şərh əlavə et