Barselonada 2026-cı ilin qış testlərinin ilk günündə trasda yeddi komanda və səkkiz sürücü işləyib. Williams komandası isə ümumiyyətlə iştirak etməyib, çünki maşın hazır olmayıb. McLaren, Ferrari və Aston Martin isə ilk günü buraxıb. Onsuz da komandaların hər biri 5 gün ərzində istənilən 3 günü seçərək işləyə ya da ümumiyyətlə trasda olmayaraq istirahət edə bilərlər.
Hər bir hesabatda bu testlər barədə mütləq qeyd olunur: texniki baxımdan bu rəsmi testlər deyil, sadəcə bolidlərin sınağıdır və komandalar öz təşəbbüsü ilə trası icarəyə götürərək, bunu həyata keçiriblər. Adətən komandaların qrafikdən kənar işləmək imkanı olmur, amma mövsüm hələ başlamayıb. Rəsmi testlər fevral ayında başlayacaq və hazırda hələ mövsüm arası dövrdür.
Komandalar razılaşıb ki, testlər qapalı elan edilsin. Sosial şəbəkələrdə paylaşım sayı da məhdudlaşdırılıb. Belə ki, hər komanda ən çox 12 foto və video paylaşa bilər.
Səhər hətta pirat vaxt göstəricisi də işə düşüb – bir komandanın IT mütəxəssisi canlı yayıma qoşulub, amma tezliklə skrinşotlar hər tərəfdə yayılıb və günortadan sonra kanal bağlanıb. Avtodromun ətrafında işləyən təhlükəsizlik xidməti azarkeşləri və jurnalistləri tras görünən mövqelərdən uzaqlaşdırırıb. Onlar bildiriblər ki, görüntü hüquqları yalnız avtodroma məxsusdur.
Bütün bunlar həm gülməli, həm də bir az incidici idi. Günün sonunda hər hansı nəticə çıxarmaq mümkün deyildi, sürət üzərində heç kim ciddi işləmirdi. Buradakı əsas məqsəd maşınları minimal məsafə ilə sınaqdan keçirmək idi. Bununla belə, problemlərin sayı 2014-cü ilə nisbətən xeyli az olub.
Mətbuat və yarış ictimaiyyəti isə “Formula 1-in yeni erasının” ilk günü barədə nizam-intizamın çatışmamasından məyus idi.
Səhər ənənəvi olaraq komandalar arasında “kim birinci trasda olacaq” yarışması baş tutdu, çünki gecədən sonra asfalt hələ də yaş idi. Lakin bu, prinsip məsələsi idi. Səhər saat 9:00-da Kimi Antonelli pit yolundan çıxıb. Mercedes komandasının sürücüsü ardıcıl beşinci il qış testlərində trasda birinci olub. Ardınca Audi-də Bortoleto, üçüncü olaraq isə Alpine-də Kolapinto trasda görünüb. Maraqlıdır, Bəhreyndəki testlərin ilk günündə hansı sürücülər birinci olacaq?
2014-cü ilin ilk test gününə nisbətən – o zaman da motorlar dəyişdirilirdi – bu gün hər şey nisbətən sakit keçib. Həmin vaxt bəzi komandalar hər hansı riskdən qaçmağa çalışırdı. Telemetriyada şübhəli məlumat görünən kimi maşın dərhal trasda saxlanılırdı, çünki ehtiyat hissələr hələ tam hazır deyildi, ciddi nasazlıq proqramı dayandıra bilərdi.
Günün birinci hissəsində komandalar əsasən mühərriklər və hibrid sistem üzərində işləyirdilər. Bolidlərdə aerodinamik boya və sensorlar yox idi. Səhər qırmızı bayraqlar üç dəfə dalğalanıb – Alpine-dən Kolapinto, Audi-dən Bortoleto və Racing Bulls-dan Louson problemlərə görə dayanmalı olublar. Heç bir qəza baş verməyib – hər üç halda sürücülər bolidlərini komandalarının təlimatlarına əsasən trasda dayandırıblar.
İkinci sessiyada Rassell Mercedes-də Antonellini əvəz edərək, protokolda liderliyə yüksəlib. Britaniyalı sürücü 1:18.696 nəticə ilə dövrəni tamamlayıb. Lakin komandaların qərarı ilə testlər bir saat uzadılıb və Ayzek Hacar 1:18.452 zaman nəticəsi göstərib. O, günün böyük hissəsini lider kimi başa vurub, baxmayaraq ki, sürət göstəriciləri ötən ilin nəticələrindən xeyli geri qalıb. Red Bull üçün isə əsas məqsəd ilk mühərriklərinin gücünü nümayiş etdirmək idi. Buna görə də Hacar yerində dayanmayıb və sessiyanın son anlarında 1.18.159 zaman nəticəsi ilə günü zirvədə bağlayıb.
Mercedes və Haas gün ərzində 100-dən çox dövrə keçib, Red Bull və Racing Bulls isə 50-dən çox. Bu, ilk gün üçün əla nəticə sayılır.
Ən sürətli dövrə nəticələri
| Mövqe | Pilot | Ən yaxşı dövrə |
| 1 | Ayzek Hacar | 1:18.159 |
| 2 | Corc Rassell | 1:18.696 |
| 3 | Franko Kolapinto | 1:20.189 |
| 4 | Kimi Antonelli | 1:20.700 |
| 5 | Liam Louson | 1:21.513 |
| 6 | Esteban Okon | 1:22.920 |
| 7 | Valtteri Bottas | 1:24.651 |
| 8 | Qabriel Bortoleto | 1:25.296 |
| 9 | Serxio Peres | 1:25.974 |




Şərh əlavə et