Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin və Honda tərəfdaşlığa başlayıblar

Bu gün Tokioda Honda korporasiyası və Aston Martin komandası tərəfdaşlığın rəsmi olaraq başladığını elan edib və 2026-cı il mövsümü üçün yapon mühəndisləri tərəfindən hazırlanmış yeni nəsil güc qurğusunu təqdim edib.

Tədbir Honda-nın Formula 1-də iştirak tarixçəsinə həsr olunmuş videoroliklə başlayıb. Ardınca şirkətin rəhbəri Toşihiro Mibe zalda olan qonaqlara və təqdimatı onlayn izləyən auditoriyaya müraciət edib. Onun çıxışı yeni layihəyə həsr olunmuş slaydların nümayişi ilə müşayiət olunub. Nitq zamanı səhnəyə əvvəlcə Honda-nın yarış güc qurğusu, daha sonra isə heç bir reklam loqosu olmayan, lakin mühərrik örtüyünün üzərində iri “Powered by Honda” yazısı yer alan Aston Martin şou-karı çıxarılıb.

Honda Motor Corporation (HRC)-nin icraçı direktoru Toşihiro Mibe: “Honda-nın avtomobil idmanının ən yüksək pilləsi olan Formula 1-də iştirakı hər zaman şirkətin banisi Soiçiro Hondanın ruhunu əks etdirib. Məhz o, Honda mühəndislərini dünyada lider mövqelərə çıxmağa və bu son dərəcə mürəkkəb çağırışı qəbul etməyə ruhlandırıb.

2026-cı ildə Formula 1-də həm şassi, həm də güc qurğuları ilə bağlı genişmiqyaslı dəyişikliklər baş verir. Honda F1-i idman rəqabətinin və innovasiyaların simvolu kimi qəbul edir və şirkətin yarış bölməsi olan HRC bu çağırışı qəbul edərək, 2026-cı il mövsümü üçün yeni RA626H güc qurğusunu hazırlayıb.

Biz lider olmağa can atırıq və buna görə də Honda Aston Martin komandası ilə birlikdə bu çağırışları qəbul etməyə davam edəcək”.

Daha sonra Toşihiro Mibe sözü Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikaliyə verib. Domenikali 2026-cı ildə çempionat tarixində açılan yeni səhifənin əhəmiyyətini, Honda ilə Aston Martin əməkdaşlığının rolunu vurğulayıb, eyni zamanda Formula 1-in heç vaxt indiki qədər qlobal miqyasda populyar olmadığını və iqtisadi baxımdan bu qədər sağlam vəziyyətdə dayanmadığını qeyd edib.

Stefano Domenikali: “Bu, bütün idmanımız üçün möhtəşəm bir andır! Avtomobil sənayesinin və avtomobil idmanının iki nəhəngi qələbələr uğrunda mübarizə aparmaq üçün güclərini birləşdiriblər. Biz Honda-nın yarış irsini yaxşı tanıyırıq və bilirik ki, onlar Formula 1-də innovativ yanaşmalarını davam etdirəcəklər.

Honda-nın dünya çempionatındakı heyrətamiz tarixi 1964-cü ildə başlayıb və cəmi bir il sonra, Meksikada ilk qələbə qazanılıb. Avtoidmanda Honda fəlsəfəsinin əsasını hər zaman mümkün olanın sərhədlərini aşmaq, innovasiyalara əl atmaq və lider mövqelərdə qalmaq təşkil edib.

Bu gün Honda-nın Formula 1-də 89 qələbəsi var və şirkət yeni tərəfdaşlarla yeni bir eraya qədəm qoyur. Mən həmçinin Lourens Strolla onun baxışına, dünya səviyyəli yarış komandasının yaradılmasına və Honda-nın dünya çempionatında qalmasına imkan verən qətiyyətinə görə təşəkkür etmək istəyirəm.

Aston Martin möhtəşəm komandadır – Ədrian Nyui, Endi Kauell, Fernando Alonso və Ləns Stroll burada səylərini birləşdiriblər. Yaxın həftələrdə onların maşınlarını trasda görəcəyik və mən bunu artıq səbirsizliklə gözləyirəm”.

Daha sonra söz Aston Martin şirkətinin prezidenti və Formula 1 üzrə zavod komandasının sahibi Lourens Strolla verilib. O, Ədrian Nyui və Endi Kauellin rəhbərlik etdiyi layihənin əsas məqsədinin yarışlarda və çempionatlarda qələbə uğrunda mübarizə aparmaq olduğunu bildirib.

Stroll Honda-ya və digər tərəfdaşlara əməkdaşlığa görə təşəkkür edib və məhz indi, şassi və güc qurğusu iki şirkətin mühəndisləri tərəfindən koordinasiyalı şəkildə hazırlanarkən, Aston Martin üçün yeni səviyyəyə yüksəlmək baxımından real imkanın yarandığını vurğulayıb.

Lourens Stroll: “Mən Tokioda Honda ilə tərəfdaşlığımızın başlanğıcını qeyd etməkdən məmnunam. Aston Martin və Honda-nın çoxlu ortaq dəyərləri var və məhz buna görə biz güclərimizi birləşdirmişik.

Silverstoundakı bazamız – AMR Technology Campus – ilə Sakuradakı HRC mərkəzi arasında qurulan sıx əməkdaşlıq alyansımızın dərinliyini nümayiş etdirir. Biz gələcəkdə qələbələr uğrunda mübarizə aparmaq üçün lazım olan hər şeyə sahib olduğumuza inanırıq və Honda-nın güc qurğusuna, eləcə də onu yaradan mühəndislər kollektivinə tam etibar edirik.

Bu yol asan olmayacaq, çətinliklər qaçılmazdır, lakin hər iki şirkəti qələbə arzusu irəli aparır və biz uzunmüddətli, uğurlu tərəfdaşlığa köklənmişik”.

Bununla da təqdimatın rəsmi hissəsi başa çatıb və Mibe, Domenikali, Stroll, HRC-nin prezidenti Koidzi Vatanabe və Aston Martin-in strategiya direktoru Endi Kauellin iştirakı ilə sual-cavab sessiyası başlayıb.

Rauf Hacıyev

Şərh əlavə et