Xəbəri Kokpitdə Oxuyun!

Mühərrik istehsalçıları görüşüblər

Cümə axşamı Formula 1-in güc qurğuları istehsalçıları FIA nümayəndələri ilə görüş keçirib və yeni mühərriklərlə bağlı mübahisəli vəziyyət müzakirə olunub.

Ehtimallara görə, Mercedes və Red Bull müəyyən edilmiş 16:1 dəyərindən daha yüksək sıxılma dərəcəsindən istifadə etməyə imkan verən həll tapıblar ki, bu da onlara ciddi üstünlük verə bilər. İddialara əsasən, Mercedes və Red Bull mühərriklərində qızma zamanı genişlənən komponentlər var və bu komponentlər mühərrik soyuq vəziyyətdə olandan fərqli olaraq, porşeni silindrin yuxarı hissəsinə daha güclü şəkildə sıxır. Bu isə sıxılma dərəcəsinin artmasına, məhsuldarlığın yüksəlməsinə və yanacaq sərfiyyatının azalmasına səbəb olur.

Ferrari, Audi və Honda nümayəndələri bu cür texniki həllin qanunsuz olduğunu düşünür və FIA-nın məsələyə müdaxilə etməsini istəyiblər. Lakin yanvarın 22-də keçirilmiş görüşdə heç bir qərar qəbul olunmayıb.

Müzakirələr daha çox mövcud reqlamentin hazırkı şərhindən deyil, gələcəkdə hansı maddələrə düzəliş edilməsinin lazım ola biləcəyindən bəhs edib. Hər halda, iki istehsalçının istifadə etdiyi texniki həllə mövsümün başlanmasına qədər qadağa qoyulmayacağı dəqiqdir.

Mercedes və Red Bull öz güc qurğularının reqlamentə tam uyğun olduğunu düşünür, rəqiblər isə, xüsusilə Audi,bunun əksini hesab edir. Nəzəri olaraq mövsümün ilk mərhələsi  Melburnda etirazların verilməsi mümkündür, buna görə də bu hekayə hələ bitmiş sayılmır.

Rauf Hacıyev

Şərh əlavə et